“İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb


Digərləri 23 Avq 2019 12:28:00 188 0

“İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələnin yenidən mediada yer alması ilə əlaqədar ilk növbədə “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini diqqətə çatdırır.

Bakı. “İşsizin DOSTu” proqramının Ucar rayonunda icrasında guya neqativ hallara yol verildiyi barədə həmin rayonun bir qrup sakininin mətbuatda dərc olunan, faktlara əsaslanmayan, subyektiv fikirləri ilə bağlı rəsmi mövqeyimizi bildirmişdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələnin yenidən mediada yer alması ilə əlaqədar ilk növbədə “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini diqqətə çatdırır. Nazirlikdən Trend-ə verilən məlumata görə, proqram əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə “DOST İŞ Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən də vətəndaş bunu imzası ilə təsdiq edir. İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar İcraçı qismində həyata keçirirlər. Yəni, “DOST İŞ Mərkəzi” ilə həmin qurumlar arasında bağlanan Sazişə əsasən işçi qüvvəsi “DOST İŞ Mərkəzi”nin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli İcraçı qurumlar birbaşa cavabdehlik daşıyırlar.