Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir


Digərləri 22 Avq 2019 20:40:00 243 0

Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

"Öncə göndərilmiş hər peyğəmbər özündən sonrakını adı ilə tanıtdırmış, sonra gələn peyğəmbər isə özündən əvvəlkini xatırlatmışdır". İmam Əli (ə), ("Nəhcül-bəlağə", "İbtida" xütbəsindən).

Tarix boyu həmişə belə olub: Hər peyğəmbər özündən sonra gələcək səma elçisini ya əyani şəkildə xalqa təqdim edib tanıtdırmış, ya da onun barəsində irəlicədən məlumat vermişdir. Həzrəti Adəm (ə) vəfat etməzdən qabaq oğulları arasından Həzrəti Şisin (ə) peyğəmbər olacağını söylədi və peyğəmbərlik əmanətlərini ona təhvil verdi. Tövhid yolunun mübarizi Həzrəti İbrahim (ə) də Allahın əmri ilə oğulları İsmail (ə) və İshaqı (ə) peyğəmbər kimi tanıtdırdı. Müjdəçi Yəhya peyğəmbər (ə) gənc İsanın (ə) böyük missiyasını camaata başa salmaq üçün çalışdı...

Son.az islam.az-a istinadən bildirir ki, təbiidir ki, Həzrəti Muhəmməd peyğəmbər (s) Allah elçilərinin sonuncusu və ən üstünü olduğu üçün, özündən əvvəlki peyğəmbərlərin kəlamında ona işarələr mütləq olmalıdır. Tarixi məlumatlardan aydın olur ki, bu, həqiqətən belə idi. Keçmiş peyğəmbərlərin kəlamında, habelə həmin kəlamlara yazılmış şərhlərdə yazılmışdı ki, Allahın sonuncu peyğəmbəri Ərəbistandan çıxacaq. Bu mənbələrdə Muhəmməd peyğəmbərin (s) bəzi nişanələri də aydın təsvir olunmuşdu. Məhz həmin mənbələrlə tanış olduqlarına görə, bir neçə nəfər yəhudi və xristian rahibi peyğəmbərimizi tanımış və ona iman gətirmişdi.

İmam Cəfər Sadiq (ə) bu məsələyə işarə edərək buyurmuşdur: "Onun (yəni Həzrəti Muhəmmədin (s)) xüsusiyyətləri elm əhlinə gizli deyildi. Peyğəmbərlər onun barəsində öz kitablarında müjdə vermişdilər. Alimlər onun tərifində sözlər söyləmişdilər. Filosoflar onun sifətləri barədə fikirlər irəli sürmüşdülər" ("Üsuli-Kafi", "Hüccət" kitabı, "Peyğəmbərin doğumu və vəfatı" babı, 17-ci hədisdən).

Qurani-kərimin müqəddəs ayələri də deyilənləri təsdiq edir "Səff" surəsinin 6-cı ayəsində buyurulur: "Məryəmin oğlu İsa dedi: "Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyirəm".

Demək, ülul-əzm peyğəmbər İsa Məsih (ə) də özündən sonra daha əzəmətli səma elçisinin gələcəyini diliylə xəbər vermiş, hətta onun ləqəbini söyləmişdir (bu barədə irəlidə ətraflı məlumat veriləcək).

Quran ayələrinin düzgünlüyünü yoxlamağa əslində ehtiyac yoxdur. Öz mətnində deyildiyi kimi, "haqqı batildən ayıran", "yer üzündəki hər şeydən xəbər verən", "açıq-aşkar həqiqət kitabı" olan Qurani-kərimin doğruluğuna şübhə ilə yanaşmaq və ayələri təftiş etmək Allaha asilik deməkdir.

Maraq doğuran cəhət budur ki, görəsən, Həzrəti İsanın (ə), eləcə də başqa peyğəmbərlərin Həzrəti Muhəmməd (s) barədə müjdələri Bibliya mətnində qalmışdırmı? Yoxsa əsil Tövrat və İncilə "əl gəzdirib", onların mətnin istədikləri kimi dəyişdirmişvə "Allahın kəlamını pula satmış" rahiblər bu müjdələri də məhv etməyə fürsəi tapmışlar?

Bu suala cavab axtaran hər bir insaflı şəxs Bibliyanın mətnini azacıq diqqətlə araşdırsa, orada həzrəti Muhəmməd peyğəmbər (s) barəsində onlarla işarə tapa bilər.

Musa (ə) Həzrətii Muhəmməd (s) barədə müjdə verir

Tövratın "Təsniyə" (rusca "Vtorozakonie") kitabının 18-ci fəslində Allahın Həzrəti Musaya (ə) söylədiyi sözlər verilir. Allah buyurur:

"Mən onlara (İsrail övladlarına) qardaşları arasından sənə (yəni Musaya) bənzər bir peyğəmbər təyin edəcəyəm; mən öz sözlərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək" ("Təsniyə" kitabı, 18-ci fəsil, 18-ci cümlə).

Bəzi Bibliya şərhçiləri burada "Musaya bənzər" adlandırılan şəxsin Həzrəti İsa Məsih (ə) olduğunu əsaslandırmağa çalışırlar. Lakin aşağıda göstərildiyi kimi, haqqında danışılan şəxs İslam peyğəmbəri Həzrəti Muhəmməddir (s).

Məlumdur ki, Həzrəti Muhəmmədin də mənsub olduğu ərəb milləti İbrahim peyğəmbərin (ə) oğlu İsmailin (ə) nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin (ə) digər oğlu İshaqın (ə) oğlu Yəqubun (ə) nəslindən ibarətdir. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Həzrəti Musaya (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və bəni-İsrail də ona tabe olmalıdır. İnsafla düşünün: göstərilən xüsusiyyətləri özündə daşıyan peyğəmbər Həzrəti Muhəmməd (s) deyilmi?

Əlavə olaraq, bunu da qeyd etməliyik ki, Bibliyadakı: "Mən öz sözdərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək", - cümlələri Qurani-kərimin məşhur bir ayəsinin eynidir. Quranın "Nəcm" surəsinin 3-4-cü ayələrində Allah-Təala Həzrətii Muhəmməd Peyğəmbər (s) barəsində buyurur: "O, heç vaxt öz həvavü-həvəsi ilə söz deməz. Onun dediyi yalnız vəhydir".

Musa (ə) Məkkənin fəthini xəbər verir

Yenə həmin "Təsniyə" kitabının 33-cü fəslinin əvvəlində Həzrətii Musa peyğəmbərin (ə) vəsiyyəti xatırlanır:

"Bu, Allah adamı Musanın ölümqabağı İsrail övladlarına verdiyi xeyir-duadır.

O dedi: "Rəbb Seynadan gəldi, onlara Sairdən göründü, Faran dağından təcəlla etdi və 10.000 nəfər müqəddəslə gəldi; onların sağ əlində Onun qanun məşəli var idi"" ("Təsniyə" kitabı, 33-cü fəsil, 1-2-ci cümlələr).

Musanın (ə) vəsiyyətində üç məkan adı çəkilir: Seyna, Sair və Faran dağı. Seyna - həzrəti Musanın (ə) özünə vəhyin gəldiyi dağın adıdır. Musaya (ə) bu dağda Tövrat nazil edilmişdi. Sair - İsa Məsih peyğəmbərin (ə) vəhy aldığı yerin adıdır. Maraq doğuran sual bundan ibarətdir ki, bəs Faran dağı harada yerləşir?

Faran dağının yeri barədə dəqiq məlumat almaq üçün yenə Tövratın mətninə müraciət edirik. Bibliyanın "Təkvin" kitabında (rusca "Bıtie") Həzrəti İbrahim (ə) tərəfindən həyat yoldaşı Hacərlə körpə İsmailin (ə) səhraya atılması təsvir edilir. Həmin hadisənin sonunda belə deyilir:

"Və Allah yeniyetmə İsmail ilə idi; o böyüdü, səhrada yaşamağa başladı və oxatan oldu. O, Faran səhrasında yaşadı; anası onun üçün Misir torpağından arvad aldı" ("Təkvin" kitabı, 21-ci fəsil, 20-21-ci cümlələr).

İnkaredilməz həqiqətdir ki, Həzrəti İbrahim (ə) Hacərlə İsmaili (ə) Məkkə ətrafındakı səhrada azdırmışdı. (Əlbəttə, hələ o zamanlar Məkkə şəhəri yaşayış məskəni deyildi). On dörd əsrdir ki, hacılar Məkkə ətrafındakı Mərvə və Səfa təpələri arasında yeddi dəfə qaçaraq, susuz İsmail (ə) üçün su axtarmaq məqsədilə vurnuxub o tərəf-bu tərəfə qaçan hacərin hərəkətlərini təkrar edirlər. Həmin gün Allahın mərhəməti sayəsində körpə İsmailin (ə) ayağı altından çağlayıb axmağa başlamıh Zəmzəm çeşməsi barədə kim eşitməyib? Hacərlə İsmailin (ə) Kəbəyə bitişik məzarları da onların məhz indiki Məkkə ərazisində yaşadıqlarını göstərir. Demək, "Bibliya"da adı çəkilmiş Faran səhrası Məkkə ətrafındakı ərazidən başqa bir şey deyildir. Elə isə Faran dağının da Həra dağı ilə eyni olması şübhəsizdir. Beləliklə, aydın oldu ki, Rəbbin Faran dağından təcəlla etməsi - Həra mağarasında Həzrəti Muhəmməd peyğəmbərə (ə) vəhy nazil olmasıdır.

Musanın (ə) vəsiyyətinin ikinci hissəsində xəbər verilir ki, Rəbb 10.000 nəfər müqəddəslə Farana gələcək. Hicrətin 8-ci ilində həqiqətən bu hadisə baş verdi: Həzrəti Muhəmməd peyğəmbər (s) 10.000 nəfərlik qoşunla hərəkət edib Məkkə şəhərini tutdu. Musa (ə) özündən əsrlərlə sonra baş verəcək hadisələri peyğəmbərlik zəkası ilə irəlicədən görərək üstüörtülü şəkildə xəbər verirdi. Rəbb Allahın 10.000 nəfərlə Məkkəyə girəcəyi barədə xəbər həqiqi deyil, məcazi mənada qəbul edilməlidir. Müsəlmanlar tərəfindən Məkkənin fəthi zamanı şəhərə Allahın özü deyil, onun varlığına inam və məhəbbətlə dolu insanlar daxil oldular. Məkkəni fəth edənlərin hər biri öz qəlbində Allahı gətirdi. Həmin əlamətdar hadisədən sonra bütpərəstlərin müqaviməti qırıldı və Allahın "od saçan qanunu" - İslam şəriəti bütün Ərəbistana hakim oldu.

Qeyd edək ki, həm keçmiş, həm də müasir müsəlman alimləri Həzrəti Muhəmməd peyğəmbərin (s) sonuncu ülul-üzm səma elçisi olduğunu isbat edərkən, Tövratın yuxarıda xatırlanan müjdələrindən faydalanmışlar. Məsələn, məşhur ensiklopedik alim Şeyx Nəsirəddin Tusi (1201 - 1274) "Nəqdül-mühəssəl" kitabında bu mövzuya toxunmuşdur.

Burada mötəbər dualarımızdan birinin əsrarəngiz cümlələrini xatırlatmaq yerinə düşər. İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən "Simat" duasında buyurulur: "İlahi, Seyna dağında zahir olmuş, bəndən və rəsulun Musa ibn İmranla (ə) danışdığın böyüklüyünə xatir! Sairdəki görüntünə (təcəllana) xatir! Faran dağındakı zühuruna xatir!.." Görünür, imamlar bu duada "Məkkə" deyil, "Faran" kəlməsini işlətməklə müsəlmanların diqqətini Tövrata doğru yönəltmək və keçmiş peyğəmbərlərin müjdəsi ilə onları tanış etmək istəmişlər.

(adsgarden = window.adsgarden || []).push({});