Bakı metrosunda daha iki qatar xəttə buraxılıb (FOTO)


Digərləri 22 Avq 2019 11:28:10 183 0

Bakı metrosunda daha iki qatar xəttə buraxılıb (FOTO)

Yeni tipli vaqonların sayı 45-ə çatdırılıb

Bakı. "Bakı Metropoliteni" üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb. "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, iyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb. 81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir. Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində "Bakı Metropoliteni" üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan, ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılmışdı.