Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ


Digərləri 21 Avq 2019 22:15:00 279 0

Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ

Bu il yay çox isti keçməsə də, vaxtaşırı mediada günvurma ilə bağlı müxtəlif məlumatlar yer alır. Bəs, bundan qorunmaq üçün nə etmək lazımdır?

Son.az bildirir ki, Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Sputnik Azərbaycan-a açqılamasında bu haqda danışıb: "Günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi hallar insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükəlidir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Tibb mütəxəssislərinə görə, günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır.

Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində və əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beynin qan dövranı pozulur".

Həkim günvurmanın əlamətlərindən də söz açıb: "Bu əlamətlər zəiflik, qızarmış sifət, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma, qusma, ağır hallarda bədən hərarətinin 400C və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir.

O bildirir ki, bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir. İlkin yardım olaraq nə etmək olar, deyə həkim tövsiyələrini verib: "Belə olan halda zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükülməsi, başına buz qoyulmasıdır. Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!".

"Günvurma zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. Günvurma zamanı patoloji proses, həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qaraciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda günvurma xüsusilə ağır keçir. Bu zaman həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır", -  Y.Abdiyeva əlavə edib.

(adsgarden = window.adsgarden || []).push({});