Qobustanda ƏrəbqədimGöydərə avtomobil yolu yenidən qurulur FOTO
Digərləri 21 Avq 2019 20:35:00 183 0
Qobustan rayonunda Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Məlumata əsasən, yolun ümumi uzunluğu 13 kilometrdir. Layihə çərçivəsində yolun normativliyinin təmini üçün eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur.
Hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra 2 laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla 78 min kvadratmetr sahəni əhatə edəcək.
Layihə çərçivəsində müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.