Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır (FOTO)


Digərləri 21 Avq 2019 13:23:40 211 0

Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

Bakı. Ceyhun Ələkbərov - “Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır. QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov Trend-ə yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb: "Hal-hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Dəmir yolunun hərəkət sistemində son dərəcədə böyük əhəmiyyət kəsb edən yoldəyişən qurğuların saz vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas amillərdən biridir. 2015- ci ildən dəmir yolunda icrasına start verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu yoldəyişənlərin istehsalata tətbiqi də ciddi məsələ kimi qarşıya qoyulmuş, Bakı-Gəncə istiqamətində bu yeniləşmələr uğurla həyata keçirilib. Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcəkdir". Şöbə rəisinin sözlərinə görə, yoldəyişən qurğuların yenilənməsi işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər. E.Məmmədov deyib ki, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur: “Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda istifadə olunan, yeni quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır".