“Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”


Digərləri 20 Avq 2019 14:09:00 166 0

“Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

"Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək".

Son.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri axtarışların ilk günü tapılıbmış: "Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu, amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə "preslənib". Kreslo çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki, dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Buna qəti etiraz etdikdən sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün cəsəd tapıldı".

Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: "Əgər etsəydi, kreslo tapılmazdı".