Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir (FOTO)


Digərləri 19 Avq 2019 14:45:17 202 0

Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçaların hər həftə qəbulu prosesi həyata keçirilir.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçaların hər həftə qəbulu prosesi həyata keçirilir. Bu zaman xalçaların keyfiyyəti qiymətləndirilir, nümunəvi toxucular mükafatlandırılır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son ayların xalça qəbulunda Səhmdar Cəmiyyətin Cəbrayıl filialının məhsulları öz keyfiyyəti ilə seçilib, filiala nümunəvi fəaliyyətinə görə təşəkkür elan olunub. Toxuculardan Nuridə Bəşirovanın, Gülnar Məmmədovanın, Fəridə Məmmədovanın, Pünhanə Allahverdiyevanın, Ruhanə Murtuzovanın, Mehriban Abbasovanın, Aynurə Süleymanovanın və Günay Kərimovanın ərsəyə gətirdikləri xalçalar yüksək qiymətləndirilib. Qeyd edək ki, Prezident İlham Əliyevin "Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" 3 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialda ötən ilin dekabr ayından məhsul istehsalına başlanılıb. Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva deyir ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 250 kavadratmetrə yaxın xalça toxunub. Eliza Abdullayeva bildirir ki, Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Cəbrayıl rayonunda həmişə orijinal çeşnili Qarabağ xalçaları toxunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilən cəbrayıllılar arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. “Azərxalça”nın Cəbrayıl filialının yaradılması həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək baxımından çox əhəmiyyətli hadisədir. Burada usta xalçaçı vəzifəsində çalışan Çinarə Xalıqova toxucuların peşəkarlığından razılıqla danışır. Deyir ki, filialda çalışan toxucular gözəl xalçalar toxumaq üçün əllərindən gələni əsirgəmirlər: “Buraya cəlb etdiyimiz gənclərə tədris-hazırlıq kurslarında sənətin sirlərini öyrətmişik. İndi elə gənclərimiz var ki, uzun illərin toxucuları kimi xalçalar ərsəyə gətirirlər”.