Azərbaycanda nə qədər pensiyaçı var?


Digərləri 19 Avq 2019 14:37:00 219 0

Azərbaycanda nə qədər pensiyaçı var?

Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1 milyard 854,8 milyon manata çatdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,0 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olub.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.

2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 68,0 min nəfər, əlilliyə görə - 173,0 min nəfər, ailə başçısını itirməyə görə - 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.