“Azərsu”nun işçisi 3 min manat cəzalandırılıb


Digərləri 19 Avq 2019 11:38:31 191 0

“Azərsu”nun işçisi 3 min manat cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib.

Bakı. Samir Əli - Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, faktla bağlı “Azərsu”nun Bağlar su-kanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan “məcburi göstəriş” verilib.