Heyvanlar niyə gülmür?


Digərləri 18 Avq 2019 16:50:00 240 0

Heyvanlar niyə gülmür?

Əslində onlar həm gülür, həm gülümsəyirlər

Ən azından, bir çox növü. Gəlin əvvəlcə heyvan gülüşü yaxud təbəsümünün nə olduğunu aydınlaşdıraq. Mövzunun analizi üçün müqayisə nümunəsi kimi insan təbəssümünü nəzərdə tutacağıq. Bəs, insan gülüşüylə heyvan təbəssümü arasında müqayisə aparmağın düzgünlüyünə nə zəmanət verir? Biologiyada homoloji struktur anlayışı var. Müqayisəli növlərin ümumi əcdadlarında, məsələn, sonradan insan əlinə və quş qanadına çevrilən orqanlar olub. Eyni əcdaddan irsi yolla uzanan homoloji genlərin olması ehtimalı da var. Ona görə də irsi yolla varlığını sürdürən bir çox davranışları da homoloji hesab edə bilərik.

Son.az bilge.az-a istinadən bildirir ki, bəlkə meymunun və itin diş ağartması sadəcə görünüşcə insan təbəssümünə bənzəyir, bir birindən ayrı və müstəqil şəkildə formalaşıblar? Bəlkə heç onları homoloji saymaq doğru deyil (biologiyada bu cür əlamətlər analoji adlanır)? Əgər doğrudan da belədisə, onda meymunların təbəssümünə "insani" anlam yükləmək yanlışdı.

Lakin, orqanların nə dərəcədə homoloji olduğunu öyrənmək üçün bioloqların bəlli kriteriyaları var. Eyni kriteriyalar əsasında davranışların formalarını və homoloji yaxınlığını da müəyyən etmək mümkündür. Bundan əlavə, əgər bu və ya digər davranış forması beynin oxşar neyron toxumalarından qaynaqlanırsa, o zaman bu davranışları da homoloji saymaq olar. Məsələn, quru uzərində yaşayan bütün onurğalılarda qaşınma refleksi homolojidir - qurbağalar da, ayılar da, insanlar da qaşınır. Son illərdə mövzuyla əlaqəli daha geniş imkanlar ortaya çıxdı, məsələn, pozitron-emission tomoqrafiyanın köməkliyilə, müxtəlif davranışlar zamanı beynin hansı bölgələrinin aktivləşdiyini öyrənmək və müxtəlif növlər arasındakı "oxşarlığı" aydınlaşdırmaq daha çox asanlaşıb.

Meymunlar, itlər və siçovullar gülürlər

Homoloji davranışlar barədə bu və digər metodlar əsasında aparılan araşdırmalar doğru qənaət hasil edib: Oranqutanların, şimpanzelərın və qorillaların gülümsəyib-gülməsi dəqiq şəkildə isbat olunub. Eynisini, haqlı olaraq itlər üçün də söyləyə bilərik. Gözlənilməzdir ki, siçovullar da gülür! Sadəcə onların gülüşü o dərəcədə nazik və aşağı tezlikdə səslənir ki,- 50 kHs ultrasəs - xüsusi cihaz olmadan insan qulağının o səsləri qəbul etməsi qeyri-mümkündü. Adətən siçovul balaları birgə oynadıqda, yaxud bir-birini oyuna "çağırdıqda" "gülüşürlər".

Uşaqları olan hər kəsin bildiyi kimi, çağalar anadan olduqdan bir ay sonra artıq gülümsəməyə başlayırlar (buna "sosial təbəssüm" deyilir). Uşaq, insan çöhrəsi (hətta üzün sxemini belə) gördükdə gülümsəyir. Hətta, kar-kor halda doğulan uşaqlar da zamanı gələndə gülməyə başlayırlar. Məhz buna görə də, təbəssüm və gülüş davranışın anadangəlmə formaları hesab olunur.