Çaylarda sululuq səviyyəsi necədir?


Digərləri 18 Avq 2019 16:05:00 209 0

Çaylarda sululuq səviyyəsi necədir?

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Bakı. Elçin Mehdiyev - Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90 faizini təşkil edir. Avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub. Avqustun 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 28 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 115 m3/s təşkil etməklə ongünlük normadan çox olub.