Oşonun dini kommunası necə ifşa olundu?


Digərləri 18 Avq 2019 14:50:00 195 0

Oşonun dini kommunası necə ifşa olundu?

Oreqon tarixindəki heyrətamiz fəsillərdən biri Hindistandan olan bir qurunun şərqi Oreqonun ucqar rançolarından birində 2000 müridini başına toplaması barədədir. 25 il əvvəl (məqalə 2012-də yayımlanıb-tərc.) onların kommuna yaratmaq xəyalları qətl hadisələri, həbs cəzaları və deportasiyalarla puça çıxmışdı.

Bununla belə, əhvalat heç vaxt ictimaiyyətə tam açıqlanmayıb. Dövlət sənədlərinə çıxışın mümkün olması və bəzi iştirakçıların ilk dəfə danışmağa razılıq verməsiylə aydın oldu ki, məsələ bizim düşündüyümüzdən də ağır imiş.

Şahid ifadələri, məhkəmə münsifləri, polis sənədləri, qeydlər və yeni müsahibələrə əsaslanaraq, daha da dərinə gedəndə isə məlum oldu ki, Racniş başçıları miqrasiya və torpaqdan istifadə qaydalarını pozmağa cəhd ediblər. Öz planlarının işə yaramadığını görəndə isə, onlar dini utopiyaya nail olmaq yolunun bəzi oreqonluları aradan qaldırmaqdan keçdiyini düşünüblər.

1985-ci ilin bir yay gecəsində Ma Anand Puja Ceyms Kominini aradan götürmək üçün Müqəddəs Vinsent Xəstəxanasına daxil oldu.

Son.az bilge.az-a istinadən bildirir ki, filippinli tibb bacısı Portlend xəstəxanasına qulağından cərrahiyə əməliyyatı keçirən oreqonlu siyasətçini öldürmək üçün gəlmişdi. O, Komininin venasına yeritmək üçün özüylə xüsusi şpris gətirmişdi, bu şprisdəki məhlul siyasətçinin ürəyini dayandırmalıydı.

Lakin Puja Komininin 7-ci mərtəbədəki təcrid olunmuş otağına girəndə, qurbanın orada olmadığını aşkarladı. O, həyəcanlı şəkildə xəstəxananın çıxış qapısına tələsdi, buradan onun sui-qəsdçi komandası mənzil başına çatmaq üçün uzun səfərə çıxdı.

Onlar şərqi Oreqondan 200 mil aralıdakı spiritual məkan Racniş Rançosuna sarı gedirdilər. Bura Hindistandan gəlmə quru Bhaqvan Şri Racniş (Oşo) və onun 2000 müridinin bazası idi.

Qətl planı qurunun imperiyasını qorumaq üçün getdikcə artan ümidsiz cəhdlərdən sadəcə birisi idi.

Racnişlər artıq 4 il idi ki, Oreqon qəzetlərinin başlıqlarına düşürdülər. Minlərlə qırmızı paltarlı adam əmək haqqı almadan işləyir və qarşılarında susqun şəkildə oturan çal saçlı adama sitayiş edirdilər. Onlar öz dini utopiyalarını qurmaq üçün köhnə bir rançonu ələ keçirmişdilər. Şəhər qurmuş və sayları da artırdı. Yeni sakinlər qurularına bir-birinin ardınca - ümumən 93 ədəd - "Rolls-Royce" avtomobilləri gətirirdilər.