Qeyrimüəyyənlik insanın narahatlığını necə gücləndirir?


Digərləri 18 Avq 2019 14:40:00 190 0

Qeyrimüəyyənlik insanın narahatlığını necə gücləndirir?

Həyatın bilinməzlikləri ilə yaşamağı bacarmamaq qayğı və kədərə səbəb ola bilir.

Culi Bek

"Slate" dərgisinin tövsiyələr bölməsində doqquz il yazdıqdan sonra Emili Yoffe bəzi mövzuların təkrarlandığını anladı: "Qayınanalar, porno alüdəçisi ərlər, yolagetməz ofis yoldaşları, çılğın gəlinlər".

Yoffe deyir ki, bəzən məktub göndərənlər məsləhət nə olursa olsun, ona riayət etməyə hazır olduqlarını söyləyirlər. "İnsanlar mənə yazıb deyirlər: "Düşünürdüm ki, biz üç uşaq istəyirik, lakin ikisi ilə də xoşbəxt olduğumu anladım. İndi həyat yoldaşım üçüncünü istəyir. Siz nə düşünürsünüz bu haqda?" Mən nə düşünürəmmi? Bu mənim qərar verəcəyim məsələ deyil, elə deyilmi?"

Son.az bilge.az-a istinadən bildirir ki, lakin o məsləhətlərini verir, insanlar isə özlərinin narahatlıqlarını azaldan qərarlarında yardım istəməkdə davam edirlər, böyük və kiçik qərarlar, həyatın sonuna hazırlaşmaqdan tutmuş qızının ayaqlarını qırxmağa nə vaxt icazə vermək məsələsinə qədər.

Məsləhət-axtaranlar həyatlarının konfliktlərində arbitr rolunu oynamaq üçün neytral, inandıqları üçüncü tərəf axtarışındadırlar. Məktublar, adətən, bu suallarla bitir: Bunun öhdəsindən necə gələ bilərəm? Ona nə deməliyəm? Görəsən, düzgün seçimmi edirəm? Bu suallar da universal "Mən nə etməliyəm?" sualına gətirib çıxarır.

Cavab əldə etdikləri zaman onlar hərəkətə keçə bilir, nə baş verdiyini görə və təxminedilməzliyin təşvişi içərisində yaşamaqdan qurtula bilirlər. Çünki çox vaxt, naməlum olan ən pis olandır.

İnsan şüurunun mənfi tərəflərindən biri gələcək barədə qayğılanmaq bacarığıdır. Gələcəyin mövcud olduğunu bilirik, lakin həmin gələcəkdə nə baş verəcəyini bilmirik. "Digər heyvanlarda təxminedilməzlik və ya qeyri-müəyyənlik ayıq-sayıqlığın inkişaf etməsinə səbəb olur, lakin insanlarla bağlı unikal olan şeyin gələcək hadisələrin naməlum və ya öngörülməz olduğu faktına reaksiya vermək bacarığı olduğunu düşünürəm," Viskonsin-Madison Universitetinin Sağlam Düşüncələrin Araşdırılması üzrə tədqiqatçısı Dan Qrupe belə söyləyir. "Qeyri-müəyyənliyin özü insanların kədərlərinin, streslərinin çoxalmasına səbəb ola bilir."

Bir qayda olaraq, insanlar müəyyənliyi qeyri-müəyyənlikdən üstün tuturlar. Araşdırmalar göstərir ki, insanlar daha sonra elektrik şokuna məruz qalmaq ehtimalındansa, həmin şoka indi məruz qalmağa üstünlük verərdilər və onlar təxminedilməz şoku (və ya digər xoşagəlməz stimulları) gözləyərkən, öncədən təxmin edilən şok halından daha böyük əsəb sistemi aktivliyi nümayiş etdirirlər. İnsanların bu məsələdə fərqləndiyi məqam qeyri-müəyyənliyin onları narahat etmə dərəcəsidir.

Qeyri-müəyyənliyin Dözülməzlik Dərəcəsi də bunu ölçür. 1994-cü ildə Kvebekdə bir qrup araşdırmaçı tərəfindən yaradılan bu ölçü sistemi insanların öngörüləbilənliyi nə qədər arzuladığını və axtardığını, həmçinin ikibaşlı situasiyalara onların necə reaksiya verdiyini nümayiş etdirir. Kanadanın Utavei rayonunun Kvebek Universitetində psixologiya üzrə professor və IUS yaradıcılarından biri olan Mişel Duqlasa görə, qeyri-müəyyənliyə qarşı dözümsüzlüyün (IU - Intolerance of Uncertainty) daha yüksək səviyyəsi "koqnitiv zəiflik"dir. O və onun araşdırmaçı yoldaşları yüksək səviyyəli İU ilə müxtəlif narahatlıq və həyəcan pozğunluqlarını, həmçinin yemək pozğunluğu və depressiyanı əlaqələndirirlər. Onun araşdırmalarının çox hissəsi ümumiləşdirilmiş narahatlıq pozğunluğu (GAD - Generalized Anxiety Disorder) üzərinə edilmişdir. Onun sözlərinə görə, bu məsələdə IU ciddi səbəb kimi risk faktorudur. Yəni yüksək IU səviyyəsi daha çox qayğıya, narahatlığa gətirib çıxarır.

Bu, sadəcə kliniki narahatlıq kimi deyil, gündəlik qayğılar, narahatlıqlar anlamında da keçərlidir. Duqas və Qrupenin söylədiyinə görə, qeyri-müəyyənlik istənilən növ narahatlıq, təşviş üçün zəruri şərtdir.

Burada alimlərin "narahatlıq" (worry) və "təşviş, qayğı" (anxiety) sözləri ilə ifadə etdikləri mənalar arasında kiçik bir semantik fərq var. "Narahat olmaq" ümumilikdə mümkün gələcək təhlükələr barədə düşünməkdir, bu isə emosiyalar və bədənsəl təşviş duyğusu ilə müşayiət olunur. Əgər narahatlıq obyekti tamamilə öncədən görüləbiləndirsə və ya hazırda baş verməkdədirsə (burada artıq ikibaşlılıq yoxdur), siz bu barədə təşviş və ya qayğı keçirmirsiniz, siz bundan qorxursunuz. Və siz əgər sadəcə gələcəkdəki potensial pis şeylər barədə düşünürsünüzsə və bir soyuqqanlılıq hiss edirsinizsə, "çox güman, siz narahatlıq, qayğı keçirmirsiniz," deyir Duqas. "Siz, çox güman, planlama ilə və ya hazırlaşma ilə məşğulsunuz."

Beləliklə, nə edəcəyini bilməmək, nə baş verəcəyini, başqa insanların nə düşündüyünü və nə hiss etdiyini bilməmək istənilən insanda həyəcanı, narahatlılığı artırmağa hazır situasiyalardır. Bunun təsir qüvvəsi isə insanların qeyri-müəyyənliyə dözmək bacarığından asılıdır.

"Subkliniki və diaqnoz edilmiş narahatlıqlar arasında bir-birindən kəskin fərqlənən məqamların olmadığı inancındayam," deyir Qrupe. "Bu, qeyri-müəyyənliyin yüksək rol oynadığı, öncədən təxmin edilə bilməməyin insanı üzüb əldən saldığı, davam edən bir spektrdir."

Duqas da razılaşaraq deyir: "Bu bir davamlılıqdır. Ümumiləşdirilmiş narahatlıq pozğunluğuna malik insanlar qayğının kəskin uclarında olurlar, lakin bu qayğı sizin və ya mənim qayğımdan fərqlənmir. Sadəcə, çoxlu qayğılar var."

O, qeyri-müəyyənliyə qarşı ekstremal dözümsüzlüyü allergiya reaksiyası ilə müqayisə edir. "Əgər qoz-fındığa qarşı allergiyanız varsa və içərisində bir qram badam olan ad günü tortundan bir dilim yemisinizsə, bədəninizin çox kəskin fiziki reaksiyası baş verəcək," deyir. "İnsanların əksəriyyəti üçün zərərli olmayan nəsnənin ən kiçik miqdarı belə sizdə kəskin reaksiya yaradır. Bu da psixoloji allergiya kimi bir şeydir."

Viskonsin-Madison Universitetindən Qrupe və Cek Nitşke 2013-cü ildə beyin mexanizmlərinin bu psixoloji allergiyada oynaya biləcək rolunu izah edən nəzəriyyə işləyib-hazırladılar. Mürəkkəb bir prosesdir - "IU-nun aid olduğu xüsusi bir beyin hissəsi yoxdur," Qrupe deyir. Qeyri-müəyyənliyə dözüm müxtəlif beyin prosesləri ilə əlaqəlidir. Qrupe ehtimal edir ki, bu proseslərə emosional tənzimləmə, təhlükənin müəyyənləşdirilməsi və təhlükəsizliyin, qorunmanın müəyyənləşdirilməsi də daxildir (son ikisi bir-birindən fərqli, ayrı proseslərdir).

İkibaşlı və ya öncədən təxmin edilə bilməyən situasiyalarda beyin ətraf mühitdən ipucları, işarələr axtarmağa başlayır, keçmiş təcrübələrində təhlükə və qorunma ilə assosiyasiya olunan nəsnələri üzə çıxarmağa çalışır. Əgər bu proses uğursuz olarsa və beyin nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu sizə söyləyə bilmirsə, o zaman hər şey təhlükə kimi görünə bilər. Təhlükə və təhlükəsizliyin müəyyən edilməsi beynin amiqdala bölməsinə aiddir, emosiyaların tənzimlənməsi isə prefrontal korteksin ixtiyarındadır. Qrupenin fikrincə beynin insula bölməsi də daxili, subyektiv duyğuların yaradılmasına kömək etmək üçün bədən və onun mühiti haqqındakı məlumatların prosesdən keçirilməsi məsələsində mühüm rol oynaya bilər.

(adsgarden = window.adsgarden || []).push({});