Denis Didro Rusiyanı necə dəyişmək istəyirdi və ona nə mane oldu?


Digərləri 18 Avq 2019 13:20:00 210 0

Denis Didro Rusiyanı necə dəyişmək istəyirdi və ona nə mane oldu?

Fransız filosof Denis Didro Aydınlanma dövrünün qəhrəmanı idi. O, Böyük Katerinaya məsləhətlər vermiş, imperatriçə isə onları müdrikcəsinə rədd etmişdi.

"Cənab Didro, mən sizin möhtəşəm ağlınızın məhsulu olan hər şeyi böyük maraqla dinlədim. Amma sizin yaxşı başa düşdüyüm böyük prinsipləriniz gözəl kitablar, amma pis davranışlar ortaya çıxarır. Sizin islahat barəsindəki planlarınız bizim iki mövqeyimiz arasındakı fərqliliyi görməzdən gəlir. Sizin üzərində işlədiyiniz əsərdə hər şey var. O rahat oxunur, zəngindir, sizin təsəvvürünüzə, yaxud qələminizə qarşı çıxmaq mümkün deyil. Mən yazıq imperatriçə isə insanlar üzərində işləyirəm, o, tez qıcıqlanan və həssasdır".

Son.az bilge.az-a istinadən bildirir ki, bu, xatırladığım qədəriylə Katerinanın filosof və Ensiklopedistlərin aparıcı lideri Böyük Denis Didroya cavabı olub, Didro Rusiyanı Aydınlanma idealları əsasında transformasiya etməyə yardım etmək üçün Katerinanın dəvəti ilə Rusiyaya səfər etmişdi.

Bu, maarifçi despotizm erasına təsadüf edirdi, görkəmli mütəfəkkirlər Avropa monarxları və imperatorları ilə səmimi münasibətlər içində idilər və ümid edirdilər ki, bu hökmdarlar öz təbəələrini məntiqin işığına qovuşdurmaq üçün hakimiyyətlərindən istifadə edəcəklər. Volterin dediyi kimi, filosoflar "bizi idarə edənləri idarə edəcəklər".

Didro heç bir zaman tiranların insani proqressə töhvə verəcəklərinə tamamilə inanmırdı. Bununla belə, o, Volterin inancını bölüşürdü ki, hakimiyyətin pedaqoqu kimi fəaliyyət göstərə bilər. Qanunlar yaratmaq gildən qəliblər düzəltməyə bənzəyirdi, o, aydınlanmış hökmdarın yeni insanlar yarada biləcəyinə inanırdı. Didronun baş redaktoru olduğu 74, 000 giriş və fəsli özündə ehtiva edən 28 cilddən ibarət Monumental Ensiklopediya 1751-1772-ci illərdə yüzdən çox müəllif tərəfindən yazılmışdı və o təkcə insan ağlının məlumatlar halına salınmış xülasəsi deyildi, həmçinin məntiqi və humanizmi təşviq etmək üçün maarifçilərin ilhamverici yolgöstərəni kimi nəzərdə tutulmuşdu.

Didro Katerinanı inandırırdı ki, əgər o, Ensiklopediyanın səhifələrindəki fikirləri tətbiq etsə, Rusiya Avropada mövcud olan ölkələr kimi inkişaf edə bilər. Ensiklopediyaçıdan daha ağıllı olan Katerina isə belə cavab vermişdi: "Sizin bütün böyük fəlsəfi prinsipləriniz kitablarda möhtəşəm işlər görə bilər... təcrübədə isə pis". Özünün temperamentli qonağı haqqındakı təəssüratlarını xülasə edərkən, imperatriçə müşahidə eləmişdi ki, "o, bəzən 100 yaşlı müdrik kimi görünür, bəzən isə 10 yaşlı uşaqdan da balaca". 1794-cü ildə Fransız İnqilabının Terroru ərzində tökülən qanlar barədə şərh verərkən, Katerina "ancaq dağıdıcılığa xidmət etmiş" və "saysız-hesabsız bədbəxtliklərə və insan itkilərinə səbəb olan" Didronu və digər filosofları ittiham etmişdi.

Bəs onda biz bu gün Didronu niyə oxumalıyıq? Özünün Didro haqqında yazılmış olduqca detallı və təravətli bioqrafiyasındakı proloqunda Endryu S. Kurran filosofu "ən aktual Aydınlanma filosoflardan biri" hesab edir. Epiloqda o, filosofun nədə üstün olduğunu yazır: "Didro şübhəsiz Ensiklopediya dövrünün stüardlarından biri olsa da, o, həmçinin paradoksal olaraq, öz nəsildaşları arasında Aydınlanma layihəsinin nüvəsində yatan rasional perspektivi sorğulayan yeganə böyük mütəffəkkir idi". Burada Kurran başqa bir paradoksa işarə edir, bu isə Aydənlanmaya olan hazırki marağın dirçəlməsində özünü göstərir. Bugünkü liberallar Aydınlanmanın mütəffəkkirlərinə üz tutarkən, bunu intellektual əminlik və əxlaqi komfort üçün edirlər. Donald Trampın təhdidkar kölgəsinin arxasında onların dövlətin məntiqi dinləməyə hazır olduğu dövrə dair nostalgiyası yatır. Onların ümidi ondan ibarətdir ki, əgər biz rasionallığı təcəssüm etdirən mütəfəkkirlərə üz tutsaq, rasionallığı yenidən ələ keçirə bilərik.

Bununla belə, Kurranın onu portretləşdirdiyi kimi, Didro o qədər də rasional filosof stereotipinə uyğun gəlmirdi. Özünün çoxcildli romanlarında və mükalimələrində - onların bir çoxu ölümündən sonra ortaya çıxıb - qəhrəmanlar ictimai şəkildə təşviq olunan Aydınlanma layihəsinə qarşı fikirlər səsləndirirlər. Didro bir qayda olaraq xurafata qarşı çıxan bir mütəfəkkir kimi təsvir olunur. O, hədsiz azad düşüncəli idi, amma Maarifçiliyin prinsiplərini təbliğ edərkən yox, bədii əsərləri ilə bu qəlibləri sorğuya çəkərkən. Didronun Katerina ilə nisbətən sakit dövrə təsadüf edən görüşü bir kuliminasiya nöqtəsi idi. Özünün filosof həmkarı Markiz de Kondorsetdən fərqli olaraq - o, inqilabi Fransa hökumətindən qaçarkən, həbsxanada ölmüşdü - Didro praktikada həyata keçirilməsini arzuladığı böyük siyasi eksperimentdən əvvəl yaşamaqla bəxti gətirmişdi. 1713-cü ildə Parisdən 250 kilometr aralıda sakit əyalət şəhəri Langresdə bıçaqqayıranın oğlu kimi dünyaya gələn Didro keşiş olması məqsədiylə yezuit təhsili almışdı. Lakin o, ruhani təhsilini davam etdirmək üçün getdiyi Parisdə (özünü müəllimlik eləməklə və hüquq təşkilatlarındakı təsadüfi işlərlə dolandırırdı) fikirlərini dəyişdirdi. Didro 1784-cü ildə Parisdə vəfat edib.

Müstəqil bir intellektual həyatı ona uyğun gəlirdi. O bir müddət çılğın Jan Jak Russo ilə dostluq elədi və onunla yalnız o zaman ayrıldı ki, insan rifahını əsas tutan peyğəmbərin paranoyak şübhələri artıq hamı üçün dözülməz hala gəlmişdi. Evlənməzdən əvvəl və ümumən xoşbəxt sayılmayacaq evlilikdən sonra onun çoxlu münasibətləri olmuşdu, ömrünü isə öz qızına həsr etmişdi. Onun yaratdığı nəhəng kitabxananı imperatriçə Katerina almış, ona isə ondan ömürlük istifadə etməyə icazə vermiş, üstəlik kurasiya etməsi üçün əməkhaqqı ayırmışdı.

O, 1749-cu ildə anonim şəkildə çap etdirdiyi "Korluq məktubları"na görə Fransız hakimiyyətli ilə münaqişə yaşadı, əsərində Didro təkamül nəzəriyyəsinin erkən versiyasını qaralamışdı və bütün qəlbiylə ateist materializmi qucaqlamağa hazır idi. Tezliklə özünü müəllif kimi doğruldandan sonra Didro həbs olundu və "Chateau de Vincennes"də 100 gün həbs həyatı yaşadı. Sonradan o, öz həbsini Sokratın ölümü ilə müqayisə etsə də, azadlığının məhdudlaşdırıldığı dövrdə onun çox əziyyət çəkdiyini demək olmaz. Onun üçün kralın ödədiyi gündəlik ərzaq ət qovurmasından, ciyər, yaxud içalatdan, böyük çörəkdən və bir şüşə şərabdan ibarət idi. Həbsxanada olarkən Russo onu tez-tez ziyarət edirdi və son həbs günlərində naşirlərin onu görməsinə icazə verilmişdi. Bu həbs baş verməsəydi, o, savadlı bir fransız kişisi kimi adi bir həyat yaşayar, nəcib cəmiyyətdə durub-oturar, qadınlarla əhatə olunmaqdan və heç vaxt maliyyə əziyyəti yaşamamaqdan həzz alardı.

Didro Qərb mütəffəkirləri arasında Rusiyanı maariflənmiş dövlət eksperimenti üçün bir ərazi kimi görən yeganə adam deyildi. İngilis utalitarist və hüquq filosofu və islahatçısı Ceremi Benthamın kiçik qardaşı Samuel Bentham da mühəndis və memar kimi işləmək üçün Rusiyaya səfər etmiş, bir zavoda rəhbərlik edərkən, işin daimi nəzarət altında olacağı Panoptikum (həbsxana formasında tikili) üçün ilk plan yaratmışdı.

Volterin özü 15 il Katerina ilə məktublaşmışdı, məktublarında o, imperatriçəyə açıqca yaltaqlanır və inanırdı ki, Katerina onun və digər Avropa mütəfəkkirlərinin "Asiya barbarlığı"na yuvarlandığına inandıqları ölkəyə maarifçilik gətirəcək. Rusiyanın 18-ci əsr proqressiv intelligensiyasında Avropanın təsiri o qədər böyük idi ki, anti-maarifçi mütəfəfkkir Jozef de Maistre 1802-ci ildə buraya gələndə, "filosofların cızma-qara etdiyi" zövqsüz bir ölkəylə qarşılaşmışdı. Robert Zaretskinin Didronun Katerina ilə görüşündən bəhs edən qısa, parlaq və oxunaqlı yazısı fikirlər tarixindən daha artıq bir şeyi özündə ehtiva edir. Burada həmçinin sayıq, düşüncəli və qərarlı imperatriçə yelbeyin və tərəddüdlü fikir adamından daha maraqlı və görkəmli fiqur kimi təsvir edilir.

Uşaqlıqdan bəri qızğın oxucu olan Katerina 1762-ci ildə 33 yaşında dövlət çevrilişi təşkil etməklə imperiya taxtına əyləşdi, nəticədə onun ekksentrik və qeyri-effektiv əri Çar III Pyotr həyatını itirdi. Pyotr Danimarka ilə gərəksiz və geniş miqyasda etirazlara səbəb olan müharibə üçün qoşunlara təlim keçərkən, Katerina onun əleyhinə konspirasiya kampaniyasına başladı, kampaniya onun sevgilisi, sevimli ordu zabiti Qriqori Orlov tərəfindən təşkil olunmuşdu. Saray mülkündə qalacağı ilə bağlı ərinin əmrini pozan qadın Sankt Peterburqa gəldi və Nevski prospektinə yanında Orlov və Rus Keşikçiləri ilə birgə daxil oldu. Qış Sarayına çatanda Katerina balkonda peyda oldu və aşağıdakı qələbəliyi salamladı.

(adsgarden = window.adsgarden || []).push({});