Əkseffekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır


Dünya 17 Avq 2019 16:12:00 228 0

Əkseffekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır

ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya xam neftinə olan tələbatın və rusiyalı neft ixracatçılarının gəlirlərinin artmasına səbəb olub, "Bloomberg" yazır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Rusiyanın neft şirkətləri 2018-ci ilin noyabrından 2019-cu ilin iyulunadək ən azı 905 milyon dollar dəyərində əlavə gəlir əldə ediblər.

Qeyd edilir ki, OPEC və onun tərəfdarlarının neft hasilatını azaltmaları fonunda ABŞ sanksiyaları Rusiya neftinə olan tələbatı artırıb. Nəticədə Rusiyanın "Urals" markalı nefti "Brent" neftinə premiya ilə satılmağa başlayıb. Bundan əvvəl "Urals" ənənəvi olaraq "Brent" neftinə nisbətdə endirimlə satılırdı. Bu endirimin həcmi keçən ilin noyabrında Vaşinqtonun İran neftinin satışına dünya üzrə məhdudiyyətlər qoymasından sonra azalmağa başlayıb. 2019-cu ilin əvvəlindən etibarən isə "Urals" artıq endirimlə yox, premiya ilə satılır.

Xatırladaq ki, keçən il Vaşinqton İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Yeni sanksiyalar həmçinin İranın digər ölkələrlə biznes əlaqələrini də əhatə edib. Qeyd edək ki, Vaşinqton bu sanksiyalara bəzi ölkələr üçün istisnalar da əlavə edib. Belə ki, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə 2019-cu il mayın 2-dək bu sanksiyalar çərçivəsində məsuliyyətdən azad ediliblər. Başqa sözlə, Vaşinqton adıçəkilən ölkələrin İrandan neft almasına görə onlara qarşı sanksiya tətbiq etməyəcəyi öhdəliyini verib. Lakin Ağ Ev İran neftinin ixracını sıfıra endirmək üçün bu ölkələrə verilmiş müddəti sonradan artırmamaq qərarına gəlib.