“Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək


Digərləri 17 Avq 2019 00:29:21 194 0

“Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək

Bu həftə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək

Bakı. Bu həftə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək. Trend-in məlumatına görə, “Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. Maraqlıdır ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb. Ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan komandamız 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən futbolçularımız Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub. Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komandamız 21 qol buraxıb.