Şabranda 25 km-lik avtomobil yolu yenidən qurulur (FOTO)


Digərləri 16 Avq 2019 21:30:25 242 0

Şabranda 25 km-lik avtomobil yolu yenidən qurulur (FOTO)

Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılır.

Bakı. Samir Əli - Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılır. Söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə bildirilib ki, Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu torpaq əsasdan-çınqıl örtükdən ibarət olmaqla keçən əsrdə salınıb və əsaslı təmir olmadan istismar olduğundan nəqliyyat vasitələrinin intensiv hərəkətində çətinliklər yaranmışdır. Hazırda bu çətinliklər geridə qalır. Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülür. Torpaq yatağının tikintisi bitən kimi optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi aparılacaq. Marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılır. Bundan başqa 2 yerdə düzbucaqlı su keçidinin, həmçinin 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihədə nəzərdə tutulmuş işlərdəndir.