Ermənilərin "böyük uğursuzluq" etirafı


Dünya 16 Avq 2019 21:10:00 251 0

Ermənilərin "böyük uğursuzluq" etirafı

"1in.am" yazır ki, dünyada Ermənistana diqqət sıfır həddinə düşüb

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Nikol Paşinyanın tək daxili deyil, xarici siyasətinin də uğursuzluqlara düçar olduğu göz önündədir. Və artıq erməni mediası bunu mütəmadi olaraq vurğulamaqdadır. Məsələn, baş nazirə qarşı son vaxtlar radikal mövqedən çıxış edən "1in.am" saytı bu mövzuda dəfələrlə sərt məqalələr dərc edir. Saytda dərc olunan "Böyük uğursuzluq" başlıqlı məqalə erməni diplomatiyasının uğursuzluqlarından bəhs edir. Müəllif əvvəlcə ötən gün Uruqvay xarici işlər naziri Rodolfo Nin Novaonun rəsmi səfərlə Yerevana gəlməsindən başlayır - aydın deyil, Uruqvay Ermənistanda nə itirib? Ardınca da, müəllif ironiya ilə bu səfəri Ermənistan diplomatiyası üçün "əlamətdar" hesab edir. Onun qənaətincə, Ermənistana yüksək rütbəli xarici diplomat o qədər az gəlir ki, bu səbəbdən səfər əlamətdardır. Əlavə edilir ki, "məxməri inqilab"dan sonrakı il yarım ərzində Ermənistana bir dəfə də olsun xarici dövlətin lideri təşrif buyurmayıb. "Düzdür, ötən il Frankofaniya çərçivəsində Ermənistana Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel gəlsə də, bu səfərlərin yeni hakimiyyətin, Xarici İşlər Nazirliyinin personalına heç bir aidiyyatı yoxdur. Bu tədbir və səfərlər əvvəlki hakimiyyətin dövründə planlaşdırılmış və təşkil olunmuşdu. Bunu bizim xarici siyasətin nəticəsi, diplomatiyamızın uğursuzluğu hesab etmək olar. Axı xaricdə fəaliyyət göstərən onlarla səfirlik və diplomatik nümayəndəliyimiz nə işlə məşğul olur? Xaricdəki diplomatlarımız əcnəbi həmkarları ilə nədən danışırlar? Dünya paytaxtlarında nəyi təmsil edirlər, ümumiyyətlə, bizim diplomatlarımız hansı gündəliklərlə işləyirlər? Bütün bunlar ritorik suallar deyil. Bu suallara cavablar bizim diplomatiyamızın uğursuzluğundan, geniş mənada desək, onun olmamağından xəbər verir. Bütün bunların nəticəsidir ki, hansısa yüksək rütbəli bir diplomat və yaxud məmur ölkəmizə gəlmir. Axı bizim ölkədə inqilabdan sonra çox dəyişib və deyə bilərik ki, gəlin bura, görün hansı dəyişikliklər baş verib", - deyə məqalə müəllifi sualla çıxış edir.

Müəllif yazır ki, yeni Ermənistan dünya birliyi ilə elə gündəm müəyyən etməlidir ki, diqqəti çəkə bilsin. Əvəzində biz hər şeyin əksini görürük, Ermənistana diqqət sıfır həddindədir. Bu da öz növbəsində birinci növbədə bizim xarici siyasətin nəticəsi, diplomatik personalın keyfiyyətsiz işidir. Ermənistan diplomatiyası yeni Ermənistanın məqsəd və hədəflərinin prioritetlərini və gündəmini müəyyən etməyə müvəffəq olmadı. Ölkənin diplomatik sistemi keçmişdə, öz modelinə görə, avtoritar hakimiyyətin vitrini kimi qalmaqda davam etdi. Əgər mövcud vəziyyəti dəyişmək istəyiriksə, əgər Ermənistanı dünya üçün maraqlı etmək istəyiriksə, xarici siyasətin fəlsəfəsini, diplomatik personalı dəyişməliyik. Bu, heç bir şişirtmə olmadan deyə bilərik ki, Ermənistan üçün ölümcül problemdir.

Öz növbəsində keçmiş baş nazir Qrant Baqratyan sosial şəbəkədə yazdığı statusunda Nikol Paşinyanın uğursuz siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, baş nazirin ölkədə işsizlərin 6,4 faiz azalması barədə söylədikləri yalandır. "Milli Statistika Xidmətinin rəsmi saytına girin baxın və görəcəksiniz ki, işsizlik səviyyəsi əksinə 6,7 faiz yüksəlib, 237 mindən 253 minə çatıb. Baş nazir bildirir ki, hərbçilərin sığorta fonduna məcburi ödəmələr artıb. "Baş nazirin çoxlu səlahiyyətləri var. Lakin onların sırasında makroiqtisadi məlumatları elan etmək kimi səlahiyyət yoxdur". Q.Baqratyan oliqarxların bütün müəssisələrini açıq səhmdar cəmiyyətlərə çevirmək və onların səhmlərini birjalara çıxarmağı təklif edib. "Azatutyun TV"də çıxışında keçmiş məmur deyib ki, bununla da oliqarxların təsir imkanları azalmış olacaq. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə oliqarxlar yenə də qalmaqdadır. Sabiq baş nazir bu sırada Qaqik Çarukyan, Samvel Karapetyan və başqalarını göstərib. "Bütün bu işləri baş nazir görməlidir. Biz görürük ki, o gah ora, gah bura gedir. Ona isə öz yerində oturub konkret olaraq iş görməsi gərəkdir".