Paşinyanı kim idarə edir?


Dünya 16 Avq 2019 07:35:00 170 0

Paşinyanı kim idarə edir?

"1in.am" saytı hazırkı hakimiyyətin oliqarxiyanın əlində oyuncaq olmasından yazır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ermənistanda "məxməri inqilab"dan il yarımdan çox vaxt keçsə də, hər hansı dəyişiklik baş vermədiyi göz önündədir. Erməni mediasında, iqtisadi və siyasi ekspert dairələrində uzun müddətdir ki, bunun səbəblərini göstərən materiallar dərc edilir. Gəlinən əsas qənaət də budur ki, ölkə iqtisadiyyatının əsasını inhisarçı-oliqarxik bir sistem təşkil edir. Ekspertlər vurğulayırlar ki, Ermənistandakı oliqarxiya və siyasi sistemlər bir-birinə qarışıb. Bildirilir ki, keçən il Nikol Paşinyanın əsas şüarlarından biri məhz bunun aradan qaldırılacağı idi, lakin vədinə əməl etmədi. Arxada qalan il yarım göstərdi ki, Paşinyan hakimiyyət və biznesi bölüşdürmək, oliqarxiya və siyasətin birləşməsini aradan qaldırmaq vədini çox tez unutdu. Buna sübut odur ki, bu gün Ermənistanın iqtisadi sisteminin əsası əvvəlki iki onillikdə fəaliyyət göstərən inhisarçı-oliqarxik sistemdir.

"1in.am" saytında dərc olunan "Nikol Paşinyanı kim idarə edir?" başlıqlı məqalədə də qeyd olunan məsələ ətraflı araşdırılıb. Bildirilir ki, bu ilin birinci yarısı üçün Ermənistanda ən çox vergi ödəyən iri vergiödəyicilərinin siyahısı dərc olunub. "Siyahıda heç bir dəyişiklik yoxdur - əvvəlki hakimiyyətin dövründə təmsil olunan şəxslərin yenə də burada adları keçir. Monopolistlər, iri mülkiyyətçilərin şirkətləri, oliqarxik qaydalarla işləyənlər hamısı buradadır. Yenə də Ermənistan iqtisadiyyatının əsasını oliqarxiya təşkil edir. Əvvəl hər şey kölgədə idi. Problem onda deyil ki, oliqarxlar kölgədə idilər və yaxud qanuni sahədə fəaliyyət göstərirdilər. Məsələ ondadır ki, indi hakimiyyət oliqarxiyanın qanuni sahəyə keçməsini özlərinin uğuru kimi qələmə verməyə çalışır". Müəllif daha sonra əlavə edir ki, oliqarxiya - Ermənistanda 20 ildən artıqdır ki, fəaliyyət göstərən siyasi-iqtisadi sistemin əsas, başlıca hissəsini təşkil edib: "Dövlət, eyni zamanda kriminal dünya ilə birlikdə yetişən oliqarxiya ölkədə mövcud olmuş iki hakimiyyətin mövcudluğuna xidmət edib. Hakimiyyət də öz növbəsində oliqarxların monopol maraqlarına xidmət edib. Oliqarxiya olmadan Koçaryan-Sarkisyan hakimiyyəti mövcudluğunu qoruyub saxlaya bilməzdi. Öz növbəsində hakimiyyət oliqarxiyaya xidmət etməsəydi, onda oliqarxiya malik olduğu funksional əhəmiyyəti də əldə edə bilməzdi. Bu, bir növ orqanik, dialektik bağlılıq - Ermənistanın siyasi və iqtisadi sistemi üçün geriyə dönməsi mümkün olmayan nəticələr idi".