Azərbaycan polisinə ləkə atanlar üçün "super dövlət"dən bir nümunə


Digərləri 11 Avq 2019 15:28:00 227 0

Azərbaycan polisinə ləkə atanlar üçün "super dövlət"dən bir nümunə

Ötən həftə  ABŞ-da 5 günlük matəm elan edildi. Ağ Ev daxil olmaqla bütün rəsmi  binalarda dövlət  bayrağının  avqustun 8-nədək yarıya endirilməsinin səbəbi  Texas, Ohio və Çikaqoda baş verən terror aktları oldu. Avqustun 4-də Texas ştatında ticarət mərkəzində törədilən terror hadisəsi zamanı 20 nəfər öldü, 26  nəfər isə ağır yaralandı. Bundan bir neçə saat sonra isə ikinci  terror hadisəsi baş verdi. Ohio ştatının Datyon şəhərində törədilən terror hadisəsi zamanı 9 nəfərin  öldüyü,  20 nəfərin isə ağır formada  yaralanması barədə xəbərlər yayıldı.   Proses bununla tamamlanmadı və nəhayət,  bir sutka ərzində üçüncü terror aktı baş verdi, Çikaqo ştatında dinc əhaliyə silahlı hücum oldu. Yerli media ən azı 7 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını yazdı.  Bundan əvvəlki ayda,  iyulun 28-də isə Kaliforniya ştatının Qilroy şəhərində keçirilmiş "Garlic festival" zamanı da qətliam törədilmiş,  3 nəfər həyatını itirmiş, 10-larla şəxs yaralanmışdı.

ABŞ-dan bənzər xəbərlər dünya mediasının gündəmini ildə bir neçə dəfə zəbt edir. Bu ölkədə baş verən kriminal hadisələrin həssaslıqla izlənilməsi təkcə ABŞ-ın "super dövlət" olması, beynəlxalq nəzərlərin qitəyə istiqamətlənməsi ilə bağlı deyil. Burada törədilən kriminal hadisələr qeyri-adidir, daha kütləvidir, daha qanlı-qadalıdır. 2018-ci ildə dünyada baş vermis "ən dəhşətli hadisələrin xronologiyası"nı hazırlayan monitorinq  mərkəzləri bu sırada dünyanın super dövlətinin adını dəfələrlə xatırlatmışdılar. 2018-ci il  fevralın 15-də Florida ştatında 19 yaşlı Nikolas Kruzun litseyə hücumu nəticəsində 17 nəfər həyatını itirmişdi. Eyni ildə,  27 oktyabrda   Pistburq şəhərindəki sinaqoqa edilən hücum zamanı 11 nəfər öldürülmüşdü və bütün bunlar ilin ağır hadisələri sırasında idi. Bu minvalla geriyə baxıb  2001-ci ildən bəri baş verən hadisələri ardıcıllıqla izləyəndə bəlli olur ki, ABŞ  təkcə qüdrətinə görə deyil, həm də insan təhlükəsizliyinin aşağı təminatı baxımından  diqqətə gəlir. Hansı ki, "dünyanın super dövləti" daxili təhlükəsizliyinin təminatı üçün dünyada ən çox vəsait xərcləyən ölkədir. Bu məqsədlə ABŞ hər il fantastik məbləğ - il ərzində yüzlərlə milyard dollar xərcləyir. Mövzu üzrə araşdırma apararkən, maraqlı rəqəmlər ortaya çıxır.

ABŞ-da daxili təhlükəsizlik,  insanların təhlükəsiz yaşayışının təminatı  polis departamentləri, əyalət polisi, şerif şöbələri və federal agentliklərdən ibarət  hüquq mühafizə orqanları vasitəsilə həyata keçirilir. Polis "şübhəli bilinən cinayət əməllərinin araşdırılmasına, şübhəli şəxslərin müvəqqəti saxlanılmasına, şübhəli şəxslərin məhkəmələrə təqdim edilməsinə,  ən nəhayət, cinayətkarların tutulmasına və bu yolla  icmalarda nizam-intizamın təmin edilməsinə cavabdehdir".  Böyük şəhərlərdə minlərlə zabiti və inzibati işçini əhatə edən polis idarələri, şerif şöbələri, həmçinin, istintaq agentlikləri var. Birləşmiş Ştatların ən böyük polis  orqanı  New York-da yerləşir. 36.023 nəfər peşəkar zabit heyətindən, 8000 nəfər əlavə inzibati işçidən ibarətdir (https://www.worldatlas.com/articles/the-largest-police-departments-in-the-us.html).  Çikaqo şəhəri (hansı ki, avqustun 4-də baş vermis qətliamın ağırlığına görə ABŞ dövlət bayrağının endirilməsinə səbəb oldu), özünün  Polis İdarəsinin (CPD) ştat sayına və nüfuz dairəsinə görə New York -dan sonra ABŞ-ın ikinci şəhəridir. Hələ 1837-ci ildə yaradılan Çikaqo Polis İdarəsi ABŞ-ın ən qədim yerli hüquq mühafizə orqanlarından biridir. Hal-hazırda 13.354 nəfər ştatlı işçidən və 2000 nəfərə yaxın  əlavə inzibati işçidən ibarətdir. Sıralama davam edir və polis idarələrinin nüfuzuna görə növbəti yerləri Los Angeles Polis İdarəsi (9,727 andlı  məmur və 3000-ə yaxın inzibati işçi) California, Philadelphia və başqaları bölüşürlər.

ABŞ, federal və yerli büdcələr hesabına polisin saxlanılması üçün  hər il, nə az- nə çox, təqribən 187 milyard dollar xərcləyir ( https://www.urban.org/policy-centers/cross-center-initiatives/state-and-local-finance-initiative/state-and-local-backgrounders/police-and-corrections-expenditures ). Bu, 2016-cı il büdcəsinin göstəricisidir və yalnız polis strukturlarının, şerif şöbələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.  Növbəti illərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əlavə xərclər də verilib. Bunlar birbaşa polis üçün nəzərdə tutulmasa da, nəticə etibarilə ölkədə kriminal hadisələrin sayının  artmasının qarşısının alınmasına yönəlib və prinsipcə, daxili təhlükəsziliyə cavabdeh olan  polisə dəstək xarakteri daşıyır. Məsələn, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi, narkotrafikin, kriminal qrupların axınının, qanunsuz miqrantların gəlişinin   qarşısının alınması   üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar vəsaitin təsdiqlənməsini istəyib. Bu variantda, dolayısı ilə çəkilən xərcləri nəzərə alanda, ABŞ-ın daxili təhlükəsizlik üçün çəkdiyi xərc bir neçə yüz milyardı ötür. Qarşılığında  isə, əksinə, qanlı  cinayətlər nəticəsində həyatını itirən ABŞ vətəndaşlarının sayı ilbəil artır,  dövlət bayrağının qəmli hadisələrə görə  yarıyadək endirilməsi intensivləşir.

Azərbaycanın dövlət büdcəsində polis sistemi (Daxili İşlər Nazirliyi üçün ) üçün nəzərdə tutulan vəsaitin həcmi 508 milyon 976 min manatdır, yəni, təqribən 283 milyon dollar. Bu, ABŞ -ın polisə xərclədiyi vəsaitdən 660 dəfə azdır.   Əlbəttə, Azərbaycan əhalisinin sayı da  ABŞ əhalsinin sayından dəfələrlə azdır; Azərbaycan əhalisinin sayı 10 milyon nəfər, ABŞ əhalsinin sayı isə 327 milyon nəfərdir, ortada 32 dəfə aşağı göstərici var. Paradoks budur ki,  ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 32 dəfə çoxdur, amma polisin saxlanılması və daxili təhlükəsziliyin təminatı üçün sərf edilən vəsait 660 dəfə fərqlidir. ABŞ-da kriminal hadisələrin sayı 100 dəfələrlə çox, ilin ən dəhşətli hadisələrinin göstəricisi isə 10 dəfələrlə çoxdur. Bu da bir faktdır  ki, ABŞ-da bəzi məhlələrə, bəzən isə bütöv  rayonlara nəzarət yalnız kriminal qrupların əlindədir, polis bu ərazilədə duruma, ümumiyyətlə müdaxilə edə bilmir.  Ölkəyə  gələn turistlərə, "biz bu bölgələrə nəzarət edə bilmirik, təhlükəsizliyinizi nəzərə alıb o məhlələrə girməyin" xəbərdarlığı edilir.

Azərbaycanda dövlət bayrağının yarıyadək endirilməsi intensivliyi ABŞ-dan 10 dəfələrlə aşağıdır. Endirilmə halları isə kriminal durumla bağlı olmur. Bayrağımızın layiqli dalğalanmasının təminatçıları sırasında Azərbaycan polisinin xidmətləri var.

Ölkəmiz tranzit dövlətlər sırasına daxildir. Şərq-Qərb, Şimal-Cənub marşrutları burada çarpazlaşır. Belə sərbəst marşrutlar fonunda  kriminal durum nəinki pisləşmir, əksinə, Azərbaycanın adı ən sabit və təhlükəsiz dövlətlər sırasında çəkilir. Polis öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, tələb olunanda, başqa yardımlar da göstərir. Avqustun 4-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzinin ərazisindəki anbarlardan birində baş verən yanğının söndürülməsi zamanı xəsarət alanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olub. Polis əməkdaşları yanğının söndürülməsində, anbardakı məhsulların çıxarılmasında və xəsarət alanların əraziyə cəlb olunmuş təcili tibbi yardım maşınlarına aparılmasında yardım ediblər. Bu, polisin vəzifəsi deyil. Sadəcə vətən sevgisi və fədakarlıqdır.