Göz xəstəlikləri arasında refraksiya patologiyaları daha geniş yayılıb


Digərləri 09 Avq 2019 22:44:00 275 0

Göz xəstəlikləri arasında refraksiya patologiyaları daha geniş yayılıb

8 avqust Beynəlxalq Oftalmologiya Günü idi. İlk dəfə oftalmoloqlar öz peşə bayramlarını 2004-cü il avqustun 8-də qeyd etməyə başlayıblar. Həmin günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Beynəlxalq Oftalmologiya Günü təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.

Azərbaycanda da oftalmologiya elminin sürətli inkişafı müşahidə olunur. Ölkənin əsas oftalmoloji tibb ocağı olan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər. Mərkəzin direktoru, tibb üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımovun rəhbərliyi ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bir çox elmi yeniliklərə imza atır. Mərkəzdə bütün göz xəstəlikləri üzrə müayinə və müalicə həyata keçirilir. Burada xarici ölkələrdə ixtisas keçmiş gənc, peşəkar oftalmoloqlar fəaliyyət göstərirlər. Artıq göz xəstəliklərindən əziyyət çəkənlərin xarici ölkələrə üz tutmasına ehtiyac qalmır.

Son.az bildirir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyeva AZƏRTAC-ın suallarını cavablandırıb.

- Dünyada və Azərbaycanda ən çox rast gəlinən görmə patologiyaları hansılardır?

- Dünyada təxminən 300 milyon insanda görmə funksiyasının patologiyası aşkar olunub. Bunun 19 milyonu uşaqlardır. Ümumiyyətlə, dünyada və Azərbaycanda göz patologiyası üzrə ən çox, yəni 43 faiz refraksiya patologiyası qeydə alınıb. Refraksiya patologiyasına miopiya, hipermetrapiya, astiqmatizm aiddir.

- Göz xəstəlikləri daha çox anadangəlmə olur yoxsa sonradan qazanılır?

- Göz xəstəlikləri həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilər. Anadangəlmə göz xəstəlikləri bir sıra polietioloji səbəblərdən meydana gəlir. Göz patologiyaları bətndaxili inkişaf dövründə ananın keçirdiyi infeksion və digər xəstəliklər zamanı yarana, həmçinin irsi və s. ola bilər. Nümunə üçün qeyd edə bilərəm ki, torlu qişanın bəzi distrofik xəstəlikləri anadangəlmə irsi xarakter daşıyır. Sonradan qazanılmış göz xəstəliklərinə isə göz travmaları, gözün infeksion xəstəlikləri, keratitlər və digərləri aid edilir. Həmin xəstəliklər arasında isə ən çox şəkərli diabetin fəsadları aşkarlanır.

- Görmə patologiyalarının geniş yayılmasına səbəb nədir və necə qarşısını almaq olar?

- Dünyada texnologiya yüksək inkişaf edib. Hazırda televizor, kompüter, smartfonlar, planşetlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlardan düzgün istifadə məsləhət görülür. Normadan çox istifadə etdikdə göz xəstəlikləri ilə yanaşı, sinir sisteminin xəstəliklərinin fəsadlaşmasına səbəb ola bilər. Gələcək nəslimizi qorumaq üçün uşaqların telefon, planşet, kompüterdən düzgün istifadə qaydasına əməl etmək lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycanda analar öz rahatlıqları üçün uşaqların saatlarla telefon, planşet, kompüterdən istifadəsinə, televizor qarşısında oturmasına şərait yaradırlar. Ümumiyyətlə, 2 yaşadək uşaqlara texnoloji vasitələrdən istifadə etmək məsləhət deyil. Uzun müddət texnoloji vasitələrdən istifadə uşaqlarda quru göz sindromu və refraksiya patologiyasının əmələ gəlməsinə, davranış pozulmalarına səbəb ola bilər. Böyük uşaqlarda isə nəinki göz xəstəlikləri yarana, sinir sisteminin patologiyaları, skolioz, autizmə meyillilik əmələ gələ bilər. 3-4 yaşlı uşaqlar gün ərzində təxminən 25, 5-6 yaşlı uşaqlar 30, 7-8 yaşlı uşaqlar isə maksimum 40 dəqiqə telefon, planşet, kompüterdən istifadə edə bilərlər. Böyük uşaqların isə həmin texnoloji vasitələrdən gün ərzində 1.5-2 saat istifadəsi mümkündür. Çox təəssüf ki, azyaşlılarda kompüterlərə, planşetlərə asılılıq əmələ gəlir.

(adsgarden = window.adsgarden || []).push({});