Gerçək polis obrazına yaraşanlar


Digərləri 09 Avq 2019 22:10:00 217 0

Gerçək polis obrazına yaraşanlar

Son.az bizimyol.info-ya istinadən Bahəddin Həzinin yazısını təqdim edir.

Qanun keçikçiləri haqqında yazdıqlarım və yazmaq istədiklərim

Tələbəlik illərimdən tanıdığım, yataqxanada qonşu olmuş tanışım az əvvəl mənə zəng elədi. Gülə-gülə, ərkyana bu sözləri dedi: "Qardaş, mənim qardaşım polisdə işləyir, deyir ki, sənin tələbəlik yoldaşın niyə biz polislərdən heş müsbət bir yazı yazmır, elə həmişə tənqid eləyir?!" Sonra da əlavə etdi: "Biz səni obyektiv adam kimi tanıyrıq, ona görə zəng elədim, başqası olsaydı. Zəng eləməzdim".

Bu zəng mənim illər öncə olmuş bir məhkəmə çəkişməmizi yadıma saldı. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi bizi bir xəbərə görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Düzünü deyim ki, xəbəri yazan əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənə bilməmişdi; əlində olan faktı yazmışdı. Hazırlıq iclası oldu. Növbəti iclasda mahiyyət üzrə baxılacaqdı. Mən xəbəri yazan iş yoldaşımla birlikdə məhkəməyə gəldim. Qarşı tərəfdən Daxili İşlər Nazirliyinin hüquq şöbəsinin rəisi və daha bir vəkil gəlmişdi. İclasda heç gözlənilmədən hər iki vəkil çıxış edib iddianı geri götürdükləri haqda vəsadət qaldırdılar. Hakim vəsadəti təmin etdi təbii ki. Biz dəhlizə çıxanda DİN-nin hüquqşünaslarından niyə belə addım atdıqlarını soruşdum. Şöbə rəisi oan vəkil dedi ki, mahiyyət üzrə baxışa çıxmazdan əvvəl "bu məsələ cənab nazirə məruzə olunub, o da belə göstəriş verib". Mən israrla səbəbi öyrənməyə çalışanda vəkil bunu dedi: "Cənab nazir deyib: "O redaktoru tanıyıram, abırlı adamdır, obyektiv oğlandır, iddianı geri çəkin".