Teymurilərə qan udduran Azərbaycan hökmdarı


Digərləri 01 Avq 2019 23:48:00 239 0

Teymurilərə qan udduran Azərbaycan hökmdarı

XV əsr Azərbaycan tarixinin mühüm dövrlərindən sayılır. Məhz bu əsrdə Azərbaycan ərazisi yadelli işğaldan azad oldu və müstəqil dövlətçilik ənənələrinin bərpasına başlanıldı.

Tarixin bu dövründə Azərbaycan ərazisi Əmir Teymur tərəfindən işğal edilsə də, daim xalq üsyanları baş verir, mübarizə gedirdi. Bu mübarizədə əsas yük Qaraqoyunlu tayfalarının üzərinə düşmüşdü. Qaraqoyunluların tarixinin tədqiqi və təhlili zamanı dövrün türk, fars və ərəb mənbələrindən istifadə edilib. Bununla belə, Qaraqoyunlu dövləti barədə məlumat azdır və tarixçilərimiz bu istiqamətdə yeni məlumatlar, araşdırmalar aparmalıdırlar.

Son.az oxu.az-a istinadən bildirir ki, Zeynəddin bin Həmdullah Qəzvininin əsərində Qaraqoyunlu tayfaları və onların Teymurilərə qarşı mübarizəsi əks olunub.

Eyni zamanda, Nizaməddin Şaminin "Zəfərnamə" əsərində də bu barədə məlumat var. Müəllif Əlincə qalasının 14 il davam edən mühasirəsi, Sultan Əhməd Cəlayiri və Qara Yusifin "Rum sultanı" İldırım Bəyazidə sığınmaları, Əmir Teymurun təhdidi ilə Türkiyədən çıxıb Şama getmələri və nəhayət cığatay ordusunun "Rum diyarına" hücumunun əsas səbəbindən danışır, Nizaməddin Şami kimi Əmir Teymurun Türkiyəyə hücumunun səbəbini "fıtnə-fəsad sahibi" Qara Yusiflə bağlı olduğunu göstərir.

Zeynəddinin fikrinə əsasən, Teymurla Yusif arasındakı düşmənçiliyin səbəbi kimi Qara Yusifin Toxtamış xana yardım göstərməsidir.

Qaraqoyunlu tayfasının mənşəyi məsələsinə gəldikdə tarixçilər arasında fikirlər müxtəlifdir. Azərbaycanda, Şərqi Anadoluda monqol hakimiyyətinin zəifləməyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə müəyyən bir məlumata rast gəlmirik.

Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirib: "852/1449-cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır".

XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan Əhməd Cəlayiri, Şirvanşah I İbrahim, Qara Yusif Qaraqoyunlu və ayrı-ayn feodal hakimlərin mübarizəsi başladı. Qara Yusif 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Əbubəkr üzərində qələbə qazandı. Teymurilər üzərində bu qələbə onların Azərbaycanın cənub torpaqlarındakı hakimiyyətinə son qoydu və hakimiyyət Qaraqoyunlulara keçdi.

Bir çox tarixçi də Qaraqoyunlu dövlətinin 1408-ci ildə tarix səhnəsinə çıxdığını qeyd edir Məlumata əsasən, 1408-ci il qələbəsindən sonra Qara Yusif oğlu Pir Budağı taxta çıxarır və Sultan Əhmədə elçi göndərərək onu məlumatlandırır.

Sultan Əhməd də bu xəbəri xoş qarşılayaraq Pir Budağa taxt-rəvan göndərir. Orta əsrlərdə bu hədiyyə hakimiyyət simvolu sayılırdı. Bununla belə tapılan ən qədim sikkə 1411-ci ilə aiddir və üzərinə Qara Yusiflə Pir Budağın adı qeyd edilib. Bəzi tarixçilər hesab edir ki, Pir Budaq Sultan Əhmədin ölümündən sonra taxta keçib. Bununla belə, o dövrün mənbələrinə əsasən, Azərbaycanda siyasi hakimiyyət 1408-ci ildə Qaraqoyunluların əlinə keçib.

Qara Yusif isə dövləti qurduqdan sonra hakimiyyətini möhkəmləndirmək üçün planlar qurdu. O, 1409-cu ildə Şirvana qoşun göndərdi. Amma Şəki hakimi döyüşə ciddi hazırlaşdığı üçün Qaraqoyunlu sərkərdəsi döyüşə girmədi və bəzi kəndləri talan edərək geri qayıtdı.

Eyni ilin dekabr ayında Van hakimi Məlik İzzəddin Şir Qara Yusiflə Şeyx İbrahim Şirvanşahı barışdırır. Qara Yusifin Azərbaycanın cənub torpaqlarında da möhkəmlənməsi Bağdad hökmdarı Əhməd Cəlayirini artıq narahat edirdi.

1409-cu ildə Sultanın elçisi Təbrizə gələrək Qara Yusifdən Həmədan yaylağını tələb edir və rədd cavabı alır. Əslində bu, müharibə üçün bəhanə idi və belə də oldu.

1410-cu ilin 30 avqust tarixində Təbrizin Əsəd kəndi yaxınlığında Sultanın ordusu ilə Qaraqoyunlular arasında müharibə başladı. Həmədan yaylağına görə başlayan savaşda Qara Yusif qələbə qazandı.