Bütün zülmlər – mahiyyətcə insanın özünə zülm etməsidir


Digərləri 01 Avq 2019 20:10:00 205 0

Bütün zülmlər – mahiyyətcə insanın özünə zülm etməsidir

Quran ayələri və hədislərimiz buyurur ki, zülm - insanın mənəvi inkişafına mane olan ən mühüm amildir.

Zülmün mənası ədalətsizlik, başqasının haqqını tapdalamaqdır. "Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə)naümid olacaqdır". ("Taha" 111).

Son.az deyerler.org-a istinadən bildirir ki, zülmün 3 növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm və özünə edilən zülm. (Tebyan)

a) Allaha qarşı edilən zülm - zülmün ən ağır formasıdır ki, ardınca ağrılı əzab gətirər. Hər birimiz yaxşı bilirik ki, Allah Qadir və Əzəmətlidir. Elə bilirik ki, heç kəs Allaha qarşı zülm edə bilməz. Ancaq əgər bu mövzuya Allahın haqqı çərçivəsindən nəzər salsaq, görərik ki, Allaha qarşı da zülm oluna bilər. O yerdə ki, Allahın haqqı görməməzliyə vurular, Allahın əmr və nəhylərinə qarşı etinasızlıq edilər - əslində Allaha qarşı zülm edilmiş olar. Allah Qadir oluduğu kimi, həm də Sabirdir. Ona qarşı edilən zülmə və ya üsyana görə səbir göstərər. Həm də sonsuz rəhmətinə görə zalımlara tövbə qapısını göstərər. Xəlqə bütün hüccətini tamam etdikdən sonra isə insanların nüşakürlüyünü və zülmünü cəzalandırar, onlardan intiqam alar. "Allah yenilməz qüdrət və intiqam sahibidir". ("Maidə" 95).

Allaha qarşı edilən bütün zülmlərin kökü şirkə qayıdır. Allaha qarşı zülm etmək  - ona başqasını şərik qoşmaq deməkdir.

b) Zülmün ən çox yayılmış forması isə - insanlara edilən zülmdür. Allahın haqqı olduğu kimi, insanların da bir-biri üzərində haqları vardır. Hər bir insan başqa bir insanın haqqını qorumalı və ona riayət etməlidir. Bu gün çox təəssüf ki, cəmiyyətin bir çox üzvü ancaq öz mənfəətini düşündüyü üçün, başqalarının haqlarını tapdalamalı olur. Əgər insana qarşı ədalətsizlik edilərsə, ona zülm edilmiş olar. Bir cəmiyyətdə ki, ədalətsizlik hakim olar, insanları zülm görər.

c) Zülmün üçüncü forması - özünə edilən zülmdür. Öz qədrini bilməmək və bir kamil insan olmaq üçün mənlik haqqını lazım olan qədər əda etməmək, günah etmək - nəfsə edilən zülmdür. Zülmün bütün növləri özünə edilən zülmə qayıdır. Zülm insanı Quranı dərk etməkdən uzaqlaşdırır. İnsanın etdiyi hər bir günah, başqasına vurduğu hər bir ziyan - əslində özünə etdiyi zülmdür. Baxmayaraq ki, bu yolda Allahın haqqını zay edər və insanlara zülm edər, ancaq bu zülmlərin hamısı nəfsə edilən zülmə qayıdar.