Azərbaycan kəndi: tarla neftdən


Digərləri 01 Avq 2019 10:23:40 197 0

Azərbaycan kəndi: tarla neftdən

Üç ildir pambıq əkini ilə məşğulam. 2016-cı ildə Sabirabadda dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsində iştirak etmişəm. Həmin ildən də pambıq əkirəm. Dövlət dəstəyindən də yararlanaraq birinci il 20, ikinci il 100, bu il 200 hektar pambıq əkmişəm.

Bunu Sabirabadın Sərxanbəyli kəndinin sakini, fermer Dədəkişi Dövlətov deyib.

Onun sözlərinə görə, pambıqçılar lazımi kənd təsərrüfatı texnikaları və gübrələri güzəştli şərtlərlə alırlar.

"Çətinliyimiz yoxdur, sahələri vaxtlı-vaxtında suvarırıq. Bu il məhsul ötən ildəkindən də çox olacaq. Mənimlə yanaşı, çoxları pambıq əkini ilə məşğuldur. Ötən ilin nəticələri bir daha göstərdi ki, pambıqçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən biridir. Bunu pambıqdan əldə etdiyimiz gəlirdən gördük. Şəxsən mənim 1 hektardan xalis gəlirim 3000 min manatdan çox olub".

D.Dövlətov sovet dövründə də pambıq becərib. Amma kənddə pambıqçılıq üçün yaradılmış şərait indiki kimi olmayıb, ola da bilməzdi, əslində.

"Sağ olsun dövlətimiz" deyir Dövlətov: "Bizə lazımi şəraiti yaradıb, torpaq verib, güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Biz də çalışıb bunun qarşılığını verməli, ölkə iqtisadiyyatının inkişafına öz dəstəyimizi göstərməliyik".

Sabirabad rayonuna gəldikdə isə, ötən il 17292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər bu il 8630 hektar sahədə "ağ qızıl" becəriblər. Məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunublar.

Bunu kəndlilər də deyir, məmurlar da və sözləri də üst-üstə düşür. Yəni durum, həqiqətən də, belədir.

... "Kənd təsərrüfatının inkişafı bizim gələcəyimizdir. Hər bir ölkə nəyin hesabına yaşayır? İxrac hesabına. Ölkə ixrac etməsə yaşaya bilməz".

Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

"İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi? Əgər açıq danışsaq, əlbəttə ki, yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət, - hansı ki, böyük problemlərlə üzləşmişdir, - əvvəlcə təbii imkanlarının hesabına yaşamalıdır, ilk addım kimi. Ona görə, biz Ulu Öndərin uzaqgörənliyi ilə neft strategiyasını həyata keçirmişik və böyük maliyyə vəsaiti əldə etmişik", - deyə İlham Əliyev bildirmişdi.

Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq. Halbuki bu, o qədər də asan məsələ deyil. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə, bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır.

... Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən önəmli sahələrindən olan kənd təsərrüfatının, xüsusilə də aqrar və fermer subyektlərinin inkişafı üçün görülən işləri bir neçə müstəviyə ayırmaq olar.

Kənd təsərrüfatı sahəsində hazırda ən başlıca vəzifə məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir.

Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Bu islahatlar çərçivəsində bütün elmi-tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi-tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.