“Alphabet Loon” aerostatları uzun müddət stratosferdə qalıblar


Digərləri 30 İyl 2019 07:51:00 219 0

“Alphabet Loon” aerostatları uzun müddət stratosferdə qalıblar

"Google" şirkətinin sahibi olan ABŞ-ın "Alphabet" holdinqinin stratosferdə hərəkət edən aerostatlar vasitəsilə kənd yerlərinin və ucqar regionların sakinlərinin internetə çıxışının təmini üçün yaradılan "Loon" törəmə müəssisəsi yeni uğura imza atıb. Belə ki, şirkətin hava şarları 18 km hündürlükdə 1 milyon saatdan çox vaxt keçirərək bu müddət ərzində 40,1 milyon km məsafə qət ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, aerostatlar vasitəsilə planetin ucqar regionlarının əhalisinin internetlə təmini texnologiyası artıq test mərhələsindən keçib. İyulun əvvəlində şirkət yaxın vaxtlarda Şərqi Afrika dövləti Keniyada böyüklüyünə görə ölkənin üçüncü şirkəti olan "Telkom Kenya" ilə birgə hava şarlarının köməyi ilə internet layihəsini istifadəyə verəcəyi ilə bağlı planlarını açıqlayıb.

Bildirilir ki, "Loon" aerostatları 2017-ci ildə "Mariya" qasırğasının nəticələrindən ziyan çəkən Puerto-Rikoda mobil rabitənin bərpasına kömək ediblər.

Qeyd edək ki, "Project Loon" proqramı çərçivəsində "Google" şirkəti günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq.

"Project Loon" layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. "Google" Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şarı havaya buraxıb.