Keçmiş UFC çempionu MakQreqor oktaqona qayıtmağa hazırdır


Digərləri 29 İyl 2019 20:32:00 244 0

Keçmiş UFC çempionu MakQreqor oktaqona qayıtmağa hazırdır

Yüngül və yarımyüngül çəki dərəcəsində Döyüşçülərin Mütləq Çempionatının (UFC) keçmiş çempionu irlandiyalı Konor MakQreqor oktaqona qayıtmağa hazırdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı UFC prezidenti Deyna Uayt elan edib.

Xatırladaq ki, MakQreqorun son döyüşü 2018-ci il oktyabrın 6-da Las-Veqasda keçirilən UFC229 turnirində olub. Həmin görüşün dördüncü raundunda rusiyalı Həbib Nurmaqomedov boğucu fənd işlətməklə MakQreqora qalib gəlib. Beləliklə, Nurmaqomedov yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub saxlayıb. Bu görüşdən sonra hər iki döyüşçünün komandalarının üzvləri də iştirak etməklə dava düşüb. 2019-cu il yanvarın 29-da Nevada ştatının Atletika Komissiyası irlandiyalı döyüşçünü 6 ay, rusiyalı idmançını isə 9 ay müddətinə diskvalifikasiya edib.

Nurmaqomedov növbəti döyüşü sentyabrın 7-də Əbu-Dabidə, UFC turnirində amerikalı Dastin Poryeyə qarşı keçirəcək. Uayt MakQreqorun həmin görüşdə ehtiyat döyüşçü ola biləcəyini istisna etməyib.

Uayt deyib: "Mən keçən həftə onunla (MakQreqorla) söhbət etmişəm. O, qayıtmaq istəyir, yəni sentyabrda hadisələrin nə ilə başa çatacağını gözləyir. Bu, mənim fikrimdir, indiki məlumata görə Həbib və Porye döyüşəcək, lakin bu biznesin necə işlədiyini siz də bilirsiniz. Hər şey ola bilər və adətən belə də olur. Ona görə də gözləyək, görə bu məsələ nə ilə başa çatacaq".