Şüurumuz Allahı dərk edə bilərmi?


Digərləri 27 İyl 2019 23:15:00 203 0

Şüurumuz Allahı dərk edə bilərmi?

Şüurumuz Allahı dərk edə bilərmi? Allahı necə tanıyaq?

Allah-Taalanı dərk etmək insan şüurundan qat-qat üstün olan bir məsələdir. Allahın zatını, elmini, qüdrətini, hikmətini, bunların ölçüsünü anlamaq və təsəvvür etmək qeyri-mümkündür. Çünki Allah insanın təsəvvür edə bilmədiyi kamilliklərin sahibidir. Ümumiyyətlə, insan ölçüsü, rəngi, məkanı olmayan, zamana sığmayan, gözlə görünməyən hər hansı mücərrəd varlıq barədə yalnız səthi təsəvvürə malik ola bilər.

Son.az islam.az-a istinadən bildirir ki, hədislərimizdə də Allah-Taalanın zatı barədə düşünmək müsəlmanlara məsləhət görülmür və bunun faydasız olduğu buyurulur. Əvəzində məsləhət görülür ki, insanlar Allahın ad və sifətləri barədə düşünsünlər, bunun vasitəsilə Allahın böyüklüyünü anlasınlar. Həmçinin, Allahın yaratdıqlarını müşahidə etmək, varlıq aləmindəki nizam-intizamı anlamağa çalışmaq da Allahın əzəmət və qüdrətini dərk etməyə vasitədir. Buna görə də Allahın yaratdıqları barədə təfəkkürə dalmaq hədislərdə ən yaxşı ibadət kimi vəsf edilir.