İmanı çox olanın, həyası da çox olar


Digərləri 25 İyl 2019 22:50:00 325 0

İmanı çox olanın, həyası da çox olar

İman - möminin həyasıdır ki, Allah qorxusundan günah işlətməz və ondan çəkinər. İmam Sadiq (ə) buyurur: "O kəsin ki, həyası yoxdur - imanı yoxdur".

İmam Səccad (ə) buyurur: "Sənin üzərində olan qüdrətinə görə Allahdan qorx, sənə yaxınlaşması üçün Ondan xəcalət çək".

Xəcalət və həya İslam təlimlərində ən üstün insani sifətlərindən hesab edilir. Həyanın növləri vardır, onların bəzisi müsbət və dəyərli, bəziləri isə məzəmmət edilmişdir. Peyğəmbər (s) buyurur: "Həya iki növdür: bir növü zəif və o biri növü isə qüvvət və imandır".

Allahın bəyəndiyi həya növləri bunlardır: Allahdan həya etmək, insanlardan həya etmək, özündən həya etmək.

Allahdan həya etmək

Hər bir imanlı insan Allahdan xəcalət çəkməli və həya etməlidir. Allahdan həya etmək odur ki, Onun əmrlərini yerinə yetirəsən, qadağan etdiyi işlərdən çəkinəsən.

Əbuzərdən gələn hədisdə nəql edilir: "Peyğəmbər (s) mənə buyurub: "Ey Əbazər, behiştə daxil olmaq istəyirsənmi?" Dedim: "Bəli, ya Rəsulallah!" Buyurdu: "Arzularını az və qısa et. Həmişə ölümü və ölməyi xatırla. Allahdan həya et". Dedim: "Ya Rəsulallah, mən Allahdan həya edirəm". Buyurdu: "Allahdan həya etmək odur ki, qəbri və onun çətinliklərini yada salasan. Qarnını haram yeyəcək və içəcəklərdən hifz edəsən. Gözünü, qulağını, dilini qadağan edilmiş işlərdən saxlayasan. Çünki o kəs ki, axirət kəramətini istəyir, dünyanın haram zinətlərini gərək yaddan çıxartsın".

İnsanlardan həya etmək

İnsan cəmiyyətdə pis və nalayiq sayılan əməlləri tərk etməlidir. "Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar)". ("Nisa" 108). İmam Əli (ə) buyurur: "Hər kim insanlardan xəcalət çəkməz, Allahdan xəcalət çəkməz".