Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək (FOTO)


Digərləri 25 İyl 2019 12:20:00 174 0

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək (FOTO)

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək

Bakı. Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək. Bu barədə Trend Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir. Məlumata görə, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlər ilə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proses bəzi hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir ki, bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq AQTA tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək. Paytaxtda və respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.