Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Bakıya 20 il əvvəlki və indiki səfəri barədə məqalə yazıb (FOTO)


Digərləri 24 İyl 2019 17:47:37 190 0

Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Bakıya 20 il əvvəlki və indiki səfəri barədə məqalə yazıb (FOTO)

Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib.

Bakı. Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu günlərdə Bakıda keçirilmiş UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib. Trend-in məlumatına görə, 20 il əvvəl isə o, UNESKO-nun eksperti kimi Bakının tarixi hissəsinin – İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESKO-nun Dünya irs siyahısına salınması prosesində iştirak etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə bağlı İCOMOS-un hesabatını hazırlamışdı. Rey Bondin 20 il öncəki xatirələrini və şəhərə budəfəki gəlişi, Dünya İrs Komitəsinin sessiyasında iştirakı ilə bağlı təəssüratını “Times of Malta” qəzetində dərc etdirdiyi məqalədə qələmə alıb. “Bakıya təkrar səfər” adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk səfərini xatırlayaraq deyir ki, o vaxt şəhərin tarixi hissəsini “xilas etmək” üçün gəlmişdi. “20 il əvvəl ilk dəfə Bakıya gələndə Qız qalasının daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa çalışdım və çətinliklə enməli oldum...”, - deyə o, şəhərin bu tarixi simvolu ilə ilk tanışlığından bəhs edir. “Bu dəfə mən 2 mindən çox insanın iştirak etdiyi UNESKO Dünya İrs Komitəsinin illik toplantısına gəldim. Şəhərin tamamilə dəyişdiyinin və müasirləşdiyinin şahidi oldum”. O daha sonra yazır: “Mən ilk dəfə Bakıya İçərişəhərin UNESKO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən, mütəxəssislərdən ibarət olan İCOMOS təşkilatı köhnə şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi. Bu heç də asan missiya deyildi”. Rey Bondin məqalədə qeyd edir ki, İçərişəhərin namizədliyi ilə bağlı müsbət hesabatım sayəsində İçərişəhər UNESKO-nun Dünya irs siyahısına daxil edildi: “O vaxtdan bəri və belə bir qısa müddət ərzində Bakı tamamilə dəyişib. Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları sökülərək müasir yaşayış evləri tikilib. Neftçıxarma qurğuları ilə dolu sahilləri xatırlayıram: bu gün isə bura tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar salınıb. Şəhərin hər yerində yaşıllıqların olduğu geniş parklar var”.