DİM keçid balları barədə: Bəzi ixtisaslar üzrə ballar aşağı salına bilər


Digərləri 24 İyl 2019 17:06:00 215 0

DİM keçid balları barədə: Bəzi ixtisaslar üzrə ballar aşağı salına bilər

Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz.

Bakı. İlhamə İsabalayeva – Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1 və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz. Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən - abituriyentlərin, plan yerlərinin sayından və imtahan nəticələrindən asılıdır: “Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 plan yeri var. Ötən il isə bundan 748 yer az - 14475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3600 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzrə formalaşmış keçid balına təsir göstərəcək”. X.Xanlarzadə qeyd edib ki, bu il I qrupda 10524 abituriyent 200 və daha yüksək, 15101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötənilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13169, 150 və daha yüksək balı 16649 abituriyent toplamışdı: “Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir” .