Mərkəzi Gömrük Hospitalında damar cərrahiyyəsi xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir


Digərləri 23 İyl 2019 16:50:00 219 0

Mərkəzi Gömrük Hospitalında damar cərrahiyyəsi xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə işinin ustası, hər bir xəstəyə individual yanaşan peşəkar həkim, damar cərrahı Dr.Səbuhi Dadaşovu təqdim edirik

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə işinin ustası, hər bir xəstəyə individual yanaşan peşəkar həkim, damar cərrahı Dr.Səbuhi Dadaşovu təqdim edirik: Mərkəzi Gömrük Hospitalında Dr.Səbuhi Dadaşovun iştirakı ilə damar cərrahiyyəsi - arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi həyata keçirilir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və lazer) və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya, torakal və lumbar simpatektomiya daxildir. Qeyd edək ki, Dr.Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır. Dr.Səbuhi Dadaşov daim öz üzərində işləyir, dünya mətbuatını izləyir və tibb sahəsində qazanılan nailiyyətlərlə tanış olub öz təcrübəsini zənginləşdirir. 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir. 2011-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ultrasəs müayinəsi üzrə kurs keçmişdir. Dr.Səbuhi Dadaşov bir sıra “Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə” və digər elmi jurnallarda çap olunmuş 8 məqalənin müəllifidir. 13.11.2012-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işi müdafiə etmişdir.