Övladınızı internetdən uzaq tutmağın yolları


Digərləri 20 İyl 2019 21:40:00 261 0

Övladınızı internetdən uzaq tutmağın yolları

Böyüklər kimi uşaqlarda da internet asılılığının olduğu danılmazdır. Çox kiçik yaşlardan başlayaraq uşaqların əksəriyyəti günün çox hissəsini internetdə keçirir, texnoloji vasitələrsiz - telefonsuz, kompütersiz, planşetsiz qala bilmirlər. Bu, alışqanlıq halını alıb. Valideynlər isə bunun qarşısını almaqda çox zaman aciz görünürlər. İnternet- telefon, kompüter asılılığını necə aradan qaldırmaq olar? Bu vərdişi nə ilə əvəzləmək mümkündür? Ümumiyyətlə, mümkündürmü? 

Son.az e-tibb.az-a istinadən Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi mütəxəssislərinin bu mövzuda hazırladığı məqaləni təqdim edir:

Texnologiya, internet, robotlar və vizuallığın ön planda olduğu 21-ci əsrdə uşaqlarda kitab oxumaq, rəsm çəkmək kimi fəaliyyətlərə maraq yaratmaq çətinləşir. Ağıllı telefonlar, video oyunları, planşetlər uşaqları internet dünyasının böyük  parçası halına gətirir. Bu durum günü-gündən irəliləyir və fərqində olmadan bir çox təhlükəni də özü ilə bərabər gətirir.

Uşaqlar video izləyərkən ya da oyun oynayarkən beyin davamlı olaraq rəngli video, fotolarla məşğul olduğu üçün diqqət və fokuslanmağa ehtiyac olan zamanlarda çətinlik çəkir. Məsələn, kitab oxumaq, rəsm çəkmək, yazı yazmaq, ev tapşırıqlarını etmək, dərs oxumaq kimi fəaliyyətlər buna nümunə ola bilər. Bu uşağın təkcə zehni deyil, sosial inkişafını da olduqca mənfi yöndə təsir edir və asosyal pozuntulara kimi gətirib çıxara bilir. Bununla bərabər, son illərdə diqqət əskikliyi, öyrənmədə problemlər kimi halların artmasının ən başlıca səbəblərindən biri virtual dünyanın daxilində olmaqdır.

Bu zaman valideynlərin sürətlə irəliləyən təhlükə haqqında maariflənməsi və lazımi tədbirlər görməsi olduqca önəmlidir.

Valideynlərin diqqət etməli olduqları:

Valideynlər övladlarını daha yaxşı tanıyırlar. Övladınız maraq dairələri, sevdiyi şeylər haqqında məlumatlısınız. Onun sevdiyi şeylərə istiqamətlənərək gerçək dünyaya yönləndirməniz vacibdir.

Uşağın dünyası oyun təməlidir. Hər sahədə inkişaf göstərə bilməsi üçün oyun oynaması önəmlidir. Burda oyun - virtual dünyadan uzaqda olan oyuncaqlarla və yaradıcılığını istifadə edərək oynadığı gerçək oyunlardır. Ona maarifləndirici və inkişafını təmin edəcək oyuncaqlar almaq, birlikdə oyuncaq seçimi etmək faydalı olacaqdır.

Övladınızla birlikdə zaman keçirməyə çalışın. Ana-ata ilə oyun oynamaq, parka getmək, film izləmək ya da teatra getmək kimi müxtəlif fəaliyyətlər onun internetdən uzaq qalmasını təmin edəcəkdir.

Uşağınıza oyun oynayacağı, kitab oxuya biləcəyi, bir sözlə evin içərisində azad, rahat vaxt keçirə biləcəyi şərait yaradın. Ona aid olan bir oyun sahəsi hazırlamaq müsbət nəticə verəcək.

Övladınıza kitab oxuma vərdişi qazandırın. Kitabların dünyasındakı sehri kəşf edən uşaqların internetdə az vaxt keçirdiyini görəcəksiniz. Birlikdə bukinistləri, kitab mağazalarını gəzin. Maraq dairəsinə uyğun kitablar alın. Gün içərisində dəqiq vaxtlar təyin edin və oxumağa ayırmasını təmin edin.