Günvurma zamanı ilk yardım necə olmalıdır?


Digərləri 20 İyl 2019 19:10:00 265 0

Günvurma zamanı ilk yardım necə olmalıdır?

Yayda havaların isti keçməsi ilə əlaqədar günvurma hallarına tez-tez rast gəlinir.

Bəs bu cür halla qarşılaşarkən ilk nələri etməliyik?

Son.az e-tibb.az-a istinadən bildirir ki, günvurma insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu hala daha çox uşaqlarda, yeniyetmələrdə və qocalarda rast gəlinir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur.

Günvurmanın əlamətləri isə üzün qızarması, dəhşətli baş ağrısı və başgicəllənməsi ilə özünü göstərir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanma və bəzən qusma qeydə alınır. Bəzi hallarda isə burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, huş itir, təngnəfəslik, nəbzin sürətlənməsi baş verir.

Əgər bu ilkin əlamətlər hiss olunarsa, gün vuran şəxsi kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq və yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Daha sonra həmin şəxsə soyuq su içirtmək, eləcə də soyuq su ilə üzünü və sinəsini silmək lazımdır. Həmçinin başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar.