“Mən Meksikanın prezidenti deyiləm, sahibiyəm” demişdi,


Dünya 20 İyl 2019 15:40:00 195 0

“Mən Meksikanın prezidenti deyiləm, sahibiyəm” demişdi,

Narkoticarətdə dünya liderliyinə yüksələn Meksikada ən mənfur yer boş qalmayacaq – “El Çapo”nun yerini birisi tutacaq...

Yoxsulluq, tekila, qüdrətli narkokartellər, korrupsiya, küçə banditləri, quldurların savaşı - Meksika deyəndə başqa ölkələrin vətəndaşlarının ağlına birinci bunlar gəlir.

Meksikanın özündə isə dinamik şəkildə inkişaf edən iqtisadiyyatdan, yüksək sənaye potensialından, ölkənin qədim və zəngin tarixindən danışırlar.

Maraqlıdır ki, ikisi də həqiqətdir. Meksikada qanlı savaşlar aparan narkokartellərlə ciddi və qanuni fəaliyyət göstərən şirkətlər iç-içə yaşayır.

Meksika artıq narkotik maddələrin tranziti, satışı, istehlakı sahəsində dünya liderinə çevrilib, Kolumbiyanı kölgədə qoyub.

Narkotik maddə üçün əla bazar - ABŞ

Son.az musavat.com-a istinadən bildirir ki, Bu gün dünyanın ən bahalı və ən çox tələb olunan narkotik maddəsi sayılan kokaini əsasən üç ölkədə - Kolumbiyada, Peruda və Boliviyada istehsal edirlər. Bu ölkələrin iqlimi və torpağı koka bitkisinin becərilməsi üçün idealdır. Bu bitkidən kokain almaq isə artıq texniki işdir. Qalır hazır məhsula bazar tapmaq. 50 ştat-dövlətdən ibarət olan ABŞ yaxşı bazar, onun maddi rifahı yüksək olan əhlikef insanları isə əla müştəridir. Çətini hazır narkotik maddələri ABŞ-a keçirməkdir, ondan sonra onu orada böyük partiyalarla qəbul edən, xırda bükümlərlə satan könüllülər çoxdur.

ABŞ-da 22 milyon insan müntəzəm olaraq narkotik maddə qəbul edir. Avropada da arzu edənlər çoxdur, amma ABŞ-la müqayisədə Avropada kokain bahadır. Bu maddə Atlantik okeanından keçirilək gətirilməlidir, ona görə də nəqliyyat xərcləri onu bahalaşdırır.

Bununla belə, "Sinaola" öz amansız və qanlı rəqibləri ilə ölüm-dirim savaşına girməkdən çəkinmir. Bu cür savaşlarda indiyədək bütün tərəflərdən 100 mindən artıq kartel döyüşçüsü həlak olub.

Bir ara kartellər arasında gedən qanlı müharibə o qədər şiddətlənib ki, 2006-cı ildə Meksika prezidenti Felipe Kalderon narkotik ticarətçilərinə müharibə elan edib. Bu məqsəd üçün ordu birləşməsi cəlb olunub. Hökumət qüvvələri narkokartellərin üzərinə irimiqyaslı hücumlar təşkil ediblər, amma bu, köklü dəyişikliklərə gətirib çıxarmayıb. Bir cinayətkar qrupun tarmar edilməsi digəri üçün yer açıb və rəqiblər arasında mübarizə daha sərt xarakter alıb. Ölkədə kriminal müharibə başlayıb.

Yağmadı yağış, bitmədi koka - o zaman ən yaxşısı çətənə əkməkdir

Son vaxtlar meksikalı narkokrallar Hondurasda narkotik bitkilərin geniş plantasiyalarını salıblar və kokain istehsalı üçün laboratoriyalar təşkil ediblər. Amma bu, uğur qazanmayıb. Çünki Hondurasın torpağı Kolumbiya və Perunun torpağı qədər məhsuldar və bərəkətli olmayıb.