Qax, Balakən və Zaqatalada antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlanıb (FOTO)


Digərləri 19 İyl 2019 15:57:00 227 0

Qax, Balakən və Zaqatalada antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlanıb (FOTO)

Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. AQTA-dan Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Baxış zamanı texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib. Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilmiş “H2O” və “Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.