Özbəksayağı "Taxttac oyunları" çəkiləcək


Digərləri 19 İyl 2019 07:35:00 220 0

Özbəksayağı "Taxttac oyunları" çəkiləcək

Amerika rejissoru Ceykob Şvatrs Özbəkistanda XI-XII əsrlərdə Mərkəzi Asiya xalqlarının tarixi əsasında "Taxt-tac oyunları" üslubunda çoxseriyalı film çəkəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin mətbuat katibi Temur Mirzayev TASS agentliyinə müsahibəsində söyləyib. O deyib: "Şvartsın yaradıcı komandası ilə Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin rəhbərliyi arasında bu irimiqyaslı layihənin reallaşdırılması barədə razılaşma əldə olunub".

Onun sözlərinə görə, Dövlət Turizmin İnkişafı Komitəsinin mütəxəssisləri bu layihə üçün tərəfdaş seçərkən belə bir faktı nəzərə alıblar ki, Şvarts Mərkəzi Asiya tematikası ilə artıq tanışdır. Onun Özbəkistan haqqında çəkdiyi qısametrajlı film tamaşaçılar tərəfindən yaxşı qarşılanıb.

Tərəflər çəkilişlərin hansı regionlarda və yaşayış məntəqələrində aparılacağı barədə artıq razılıq əldə ediblər. Odur ki, amerikalı rejissorun komandası serialın ilk epizodlarının çəkilişlərinə oktyabrda başlayacaq. Film ingilisdilli olacağına görə onun çəkilişlərinə yalnız xarici aktyorlar cəlb olunacaq. Lakin perspektivdə yerli aktyor və rejissorlar da dəvət edilə bilər.

Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsində layihənin tarixi gerçəkliyinə böyük diqqət yetirirlər. Regionun tarixi sahəsində mütəxəssis, Turizmin İnkişafı Komitəsi rəhbərinin müşaviri Bəhruz Həmzəyev məsləhətçi təyin edilib. O hesab edir ki, serialın yaradılması üçün uğurlu vaxt seçilib, çünki adətən Yunanıstan, Misir və Skandinaviya mövzularının populyar olduğu xülyalar fabrikində - Hollivudda və dünya kinematoqrafında hazırda Mərkəzi Asiya regionunun xalqlarının tarixinə maraq durmadan artır. Onun fikrincə, şübhəsiz ki, bu film xarici turistlərin Özbəkistana marağını artıracaq.