İsmət və həya pərdələrini yırtan 5 günah


Digərləri 18 İyl 2019 23:50:00 213 0

İsmət və həya pərdələrini yırtan 5 günah

"Kumeyl" duasında oxuyuruq:

اَللّهُمَّ اغْفِرْ لِي الذُّنُوبَ الَّتي تَهْتِكُ الْعِصَمَ

"Əllahumməğfir liyəz-zunubəl-ləti təhtikul-isəm." - "İlahi, ismət və həya pərdələrini yırtan günahlarımıbağışla!"

İmam Zeynəlabidindən (ə) belə nəql olunur: İsmət və həya pərdələrini yırtan günahlar bunlardır:

1. Şurbul-xəmr - Spirtli içki içmək:

Son.az maide.az-a istinadən bildirir ki, spirtli içki böyük günahlardandır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə, ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. "Butulka şeytan" olduqca təhlükəli və amansız bir düşməndir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.

İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərabiçən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər.

İmam Əlidən (ə) soruşurlar: "Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?" Həzrət (ə) buyurur: "Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar." ("Kafi", c.1, səh.403.)

İslam Peyğəmbəri (s) buyurur: "Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərabiçən şəxs elçiliyə gəldikdə, ona müsbət cavab vermək layiq deyil... Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur." ("Vəsailuş-şiə", c.25.)

2. Vəl-lə`bu bil-qimar - Qumar oynamaq:

Böyük günahlardan biri də qumardır. "Bəqərə" surəsinin 219-cu ayəsində buyurulur: "Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır."

Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir.

3. Və təati ma yuzhikun-nasə minəl-ləğvi vəl-mizah - Xalqı güldürmək üçün görülən boş və bihudə işlər:

Boş işlər dedikdə, bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir. Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.

Mühəddis Qumi "Mənazilül-axirət" kitabında yazır: "İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü hesaba çəkərdi. Bir gün ona məlum oldu ki, ömrünün altmış ili arxada qalıb. Altmış il 21900 gün edirdi. İbn Səməd fəryad çəkərək öz-özünə dedi: "Vay olsun mənə, əgər gündə bir günah etmiş olsam, Allahın görüşünə 21900 günahla gedəsiyəm". Bu sözlərdən sonra huşunu itirdi və dünyasını dəyişdi."