Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir (FOTO)


Digərləri 18 İyl 2019 19:23:47 282 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir (FOTO)

Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisi işə başlayıb.

Bakı. Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisi işə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, nazir Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən nümayəndə heyətimiz sərginin açılış mərasimində iştirak edib. Ölkəmiz “ELECOMP – 2019”-da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur. Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş VIP tur çərçivəsində yüksək səviyyəli rəsmilər Milli Pavilyonumuzu ziyarət ediblər. Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib. Həmçinin, poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub. Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.