Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib


Digərləri 18 İyl 2019 19:07:00 236 0

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

İyulun 18-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə etmişdir.

Qeyd olunmuşdur ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olmuş, qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olmuşdur.

2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilmişdir.

Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalmışdır.

2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanmışdır.

Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilmişdir.

Müşavirədə xüsusi qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq müraciətlərin obyektiv və vaxtında araşdırılması, müəyyən olunmuş cədvəl əsasında Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri döğuran səbəb və halların aradan qaldırılmasına, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq artırılmışdır.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 8030 müraciət daxil olmuş, onlardan 2586-ı həll edilmiş, o cümlədən 877 müraciət təmin edilmişdir. 2019-cu ilin birinci yarımili ərzində 3997 vətəndaş qəbul edilmişdir.


Xəbərə aid fotolar