Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR


Digərləri 15 İyl 2019 17:07:00 209 0

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirən məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə Son.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. 

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar. Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 5 məzundan 1-i Nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Baş Kadrlar İdarəsinə, 2 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.

Tədbirə yekun vuran Daxili İşlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.