Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb (FOTO)


Digərləri 12 İyl 2019 19:40:00 207 0

Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb.

Bakı. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb. KOBİA-dan Trend-ə verilən məlumata görə, iyulun 12-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən “KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzətləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. “KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. “KOB Dostu” ilə birgə burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.