Bakı-Qazax yolunda "KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı


Digərləri 11 İyl 2019 11:01:00 215 0

Bakı-Qazax yolunda "KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Xatırladaq ki, hadisə Bakı-Qazax-Rusiya sərhədi yolunun 147-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Gəncə şəhərində müvəqqəti məskunlaşan, 1976-cı il təvəllüdlü Ağayev Fikrət Əvəz oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və eyni istiqamətdə qarşıda hərəkətdə olan 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Cəlalov Arif Əmrah oğlunun idarə etdiyi "MAZ" markalı dartıcının arxasında olan yarımqoşquya çırpılıb.