İstehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 1004 sayda araşdırma aparılıb


Digərləri 09 İyl 2019 10:05:00 164 0

İstehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 1004 sayda araşdırma aparılıb

2019-cu ilin I yarısında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb.

Bakı. 2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 542 sayda texniki araşdırma aparılıb. Eyni zamanda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin Azərbaycan Respublikasının qanunlarının, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 462 obyektdə yoxlama keçirilib. Araşdırmalar zamanı aşkar olunmuş pozuntulara görə müvafiq aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan müvafiq göstərişlər verilib. Həmçinin, Agentlik tərəfindən 26 obyektin elektrik qurğu və avadanlıqlarının “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib. Qazpaylayıcı şəbəkəyə isə 12 sayda qanunsuz qoşulma faktı qeydə alınıb. Elektrik və qaz şəbəkələrinə qanunsuz qoşulma ilə əlaqədar tədbir görülməsi, o cümlədən belə obyektlərə elektrik enerjisi verilişinin və qaz təchizatının dayandırılması barədə enerjitəchizatı müəssisələrinə və qaz paylayıcılara göstərişlər verilib.