Müəllimlərin işə qəbulu üzrə test mərhələsinə başlanıldı


Digərləri 08 İyl 2019 09:46:00 232 0

Müəllimlərin işə qəbulu üzrə test mərhələsinə başlanıldı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, imtahanlar iyulun 24-dək davam edəcək.

Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.