"Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar" –


Digərləri 06 İyl 2019 22:31:00 286 0

"Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar" –

"Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun bir səbəbi diaqnostika sahəsində olan irəliləyişlə bağlıdır, digər səbəbi isə insanların öz sağlamlığına fikir verməsidir. Yəni, vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarlarda 70 faizdən çox daralma olmasıdır. Əgər xəstədə belə hal varsa, biz ona stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktın qarşısını almağa kömək edir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  bu barədə Mərkəzi Gömrük Hospitalının həkim kardioloqu Emin Hacıbalayev danışıb.

Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib.

- Emin müəllim, invaziv kardiologiya barədə məlumat verərdiniz?

- İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.

Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub-olmadığı müəyyən olunur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər.

- Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?

- Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir.

İnsanın əsas 3 damarında daralma sayı çoxdursa, yəni damarlarda daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı üçün tövsiyə veririk. Bu hal adətən şəkər xəstələrində baş verir. Əgər daralma sayı azdırsa biz birinci növbədə stent məsləhət görürük. O cümlədən kəskin infarktla gələn xəstələrdə stent daha məsləhətlidir.

- Stentin qoyulmasında yaş fərqi varmı?

- Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstəmiz var ki, onlara stent qoyulub. Burada irsiyyət, genetik faktlar rol oynayır.

- İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?

- İnvaziv prosedurlarla digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1000/1 təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var. Həmçinin alergik reaksiyaları da bura daxil etmək olar.