Dünya şöhrətli parfüm eksperti: "Eyni ətir qadın və kişi bədənində..."


Digərləri 05 İyl 2019 21:26:00 195 0

Dünya şöhrətli parfüm eksperti: "Eyni ətir qadın və kişi bədənində..."

Tanınmış ətir brendi "Lancôme"un parfüm eksperti Həsən Həccac Rusiyanın "Elle" jurnalına müsahibə verib. Görkəmli əttar müsahibəsində qoxular haqqında maraqlı detalları açıqlayıb.

Son.az görkəmli əttarın müsahibəsini təqdim edir:

- Həm Avropa, həm Asiya, həm də Şərqdə çalışmısınız. Bu regionların alıcıları arasında nəzərəçarpacaq dərəcədə fərq varmı?

- Əlbəttə var. Məsələn, Danimarka ilə Əmirliklərin mədəniyyəti, dili və milliyyəti müxtəlifdir. Amma günün sonunda, ətir mağazasına daxil olanda hamısı bir şey istəyir: arzularının qoxusunu almaq. Fərq yalnız onların arzuları ilə bağlıdır. Asiyalılar yüngül və ağır olmayan kompozisiyalar axtarır, şərq sakinləri daha qalıcı, isti, kəskin və ağac notlarını axtarır.

İnsanların müxtəlif ölkələrdə ətri necə daşıması da fərqlidir. Şərqlilər istəyir ki, istifadə etdiyi ətir "bağırsın", onu hər kəs "eşitsin", uzaqdan hiss olunsun. Amma Asiyada belə deyil, orada ətir qoxusu daha intim və individual sayılır.

Rusiya isə bir çox mədəniyyətlərin xususi birləşməsidir. Odur ki, burada yeniliyi qəbul etməyə daha çox istəklidirlər.

- Rusiyada yayda yüngül ətirlər, qışda isə daha ağır istifadə etmək ənənəsi var. Lakin Şərqdə bütün ilboyu kəskin ədviyyatlı kompozisiyalar hökm sürür. Niyə?

- Rusiyada mövsümlər bölünüb: həm isti yay, həm şaxtalı qış, həm yağışlı payız, həm də çiçəkli yaz var. Şərqdə mövsümlər yoxdur: burada bütün ilboyu yaydır və ilin böyük hissəsi çox istidir. Hazırda çox müasir və inkişaf etməkdə olan Dubayda yaşayıram. Hələ qədim dövrlərdən Şərqdə zəngin ədviyyatlı xoş kompozisiyalar istifadə edirlər, çünki onlar daha qalıcıdır, onlar istənilən dəridə bütün gün qala bilir. Hər halda qoxuların istifadəsində tam azadlığa sahib olmalısınız: istənilən notları istənilən vaxtda dərinizdə daşıyın.

- Şərq aromalarının şərqdən kənarda bu qədər populyar olmasının sirri nədir?

- Yadda saxlamaq lazımdır ki, ətir əvvəllər lüksün əlaməti olub. Amma indi ətir lüks deyil, demək olar ki, bir zərurətdir və demək olar ki, hər kəsin bir neçə ətri var. Şərqdə ətirlər xüsusi bir fəlsəfədir: ətir qonaqpərvərliyin bir əlamətidir. Ərəb xalqı qonaq getməzdən əvvəl mütləq ətir vurmalıdır və evin sahibi həmişə buxur yandıracaq. Ətir eyni zamanda dinin bir hissəsidir, dua etməzdən əvvəl mütləq ətir vurmalısınız. Bu, cəlbedicidir! Qərbdə ətir mədəniyyəti tamamilə fərqli idi. Amma! Dünya balacadır, şərqin ətir mədəniyyəti artıq dünyaya da yayılıb. İndi istənilən ölkədə Asiya mətbəxini tapmaq olar, 50 il əvvəl bunu təsəvvür etmək belə çətin idi. Qəhvə kafelərində hansı növ qəhvə istədiyinizi soruşurlar: hər cür çeşid var. Eyni şey ətirlərə də aiddir.

- Uniseks ətirlərin şərqdə istifadəsi haqqında nə deyə bilərsiniz?

- Mənim fikrimcə, niş ətriyyatının uğuru iki səbəbdən ibarətdir. Birincisi, insanlar həqiqətən də bahalı nadir inqrediyentlərdən ibarət yaxşı ətir istəyir. İkincisi, hər kəs gender bərabərsizliyindən yorulub. Əttar hər hansı bir ətri yaradarkən onun qadna və ya kişiyə aid olacağlnı düşünmür. Bəli, əlbəttə ki, o, özlüyündə bir portret təsəvvür edə bilər. Əslində, ətrin hazırlanma prosesində onun başında yalnız müəyyən bir aromatik səs var, qalanları marketinqdir. Odur ki, reklam kampaniyası yaratmağı marka özü düşünür: biz nə cür auditoriya cəlb etmək istəyirik və onun məqsədi nədir. Bu, təcrübələrdən uzaq, qərar verməkdə çətinlik çəkən və seçim edərkən ehtiyatlı davranan müştərilərə kömək edir. Ancaq cinsinizə baxmayaraq, istənilən ətri istifadə etmək hüququna maliksiniz, bunu sizə heç kim qadağan edə bilməz. O da maraqlıdır ki, eyni kompozisiya kişidə və qadında dəridən asılı olaraq fərqli qoxular yaya bilər, hətta siz bunu təxmin edə bilməzsiniz.

Mən maraqlı bir nümunə verəcəyəm. Rusiyada qızılgül klassik qadın inqrediyentidir. Ərəb ölkələrində isə qızılgül kişi komponentidir. Həmçinin kötük (ağac) notları da kişilərə xas hesab olunur, halbuki, bu gün bir çox qadın ətirlərdə məhz ağac notlarını axtarır.