Səfir Fəxrəddin Qurbanov ADU-nun tələbə və müəllimləri ilə görüşüb (FOTO)


Digərləri 05 İyl 2019 10:54:00 305 0

Səfir Fəxrəddin Qurbanov ADU-nun tələbə və müəllimləri ilə görüşüb (FOTO)

Azərbaycanın Xorvatiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb.

Bakı. Azərbaycanın Xorvatiyadakı Fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetinin (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbə və müəllimləri ilə görüşüb. Trend-in məlumatına görə, universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu deyib, onun fəaliyyətini yüksək qiymətləndirib: “Fəxrəddin müəllim uzun illərdi Azərbaycanı beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Beynəlxalq əlaqələrin əhəmiyyəti, dünya miqyasında siyasi proseslərin gərginliyi diplomatik məsələlərin düzgün qurulmasını zəruri edir. Bu mənada Fəxrəddin Qurbanov böyük uğurlara nail olub. Həm də Azərbaycan Dillər Universitetinin məzunu olaraq Fəxrəddin müəllim hamımızın fəxridir.” F.Qurbanov Azərbaycan Dillər Universitetinin tələbə-müəllim heyəti ilə görüşdən məmnun olduğunu bildirib və dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib. Səfir diplomatiya anlayışı haqqında fikirlərini bölüşüb, müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. O, diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb. Ənənəvi diplomatiyanın protokol xidməti, nümayəndəlik və səfərlərlə əlaqəli olduğunu söyləyən F.Qurbanov yeni informasiya və telekommunikasiya texnologiyalarının diplomatik təcrübəyə böyük təsir gücünün olduğunu qeyd edib. Görüşdə səfir, həmçinin diasporun rolundan ətraflı söhbət açıb. Diplomat F.Qurbanov diplomatiyanın funksiyaları və mühüm aspektləri haqqında da danışıb.